İstanbul, 10 dekabr, Günel Karatepe, AZƏRTAC
İstanbulun çox gözəl məkanlarından birində, şəhərin mərkəzi hissəsində Azərbaycan Turizm Bürosunun açılması iki qardaş xalqın bir-birini daha yaxından tanıması, qarşılıqlı ziyarətlərin əhəmiyyətli dərəcədə artması baxımından olduqca vacib addımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam ifadə edib. Türkiyənin mədəniyyət və turizm nazirinə bağlı bütün ofislərin Azərbaycan üçün hər zaman açıq olduğunu qeyd edən Serdar Çam bu kimi addımların özünüdərk fəaliyyətlərinin əsasını təşkil etdiyini bildirib.
“Gözəl dağları, obaları, mədəni tədbirləri, sənət dünyası ilə Türk dünyasının və Qafqazın incisi olan Azərbaycanın daha yaxından tanıdılması, bu istiqamətdə fəaliyyətlərin Türkiyədə daha geniş aparılması baxımından bu ofis çox mühümdür. Nümayəndəliyin açılışı münasibətilə əməyi keçən hər kəsi təbrik edir, fəaliyyətilərində uğurlar arzulayıram”, - deyə nazir müavini bildirib.