ain.az bildirir, Bizimyol portalına istinadən.
Ermənistanda “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi məqsədilə erməni-amerikan birgə müəssisəsi – "TRIPP Company" yaradılacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə baş naziri Nikol Paşinyan Alman Xarici Siyasət Cəmiyyəti qarşısında çıxışı zamanı məlumat verib.
“Ermənistanda "TRIPP Company" adlı erməni-amerikan birgə müəssisəsi qeydiyyata alınacaq. Bu şirkət dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, həmçinin optik lifli kabellər üçün zəruri infrastrukturun inkişafı hüququna sahib olacaq”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, layihənin praktik icrası və tikinti işləri gələn il başlanacaq.
Paşinyanın sözlərinə görə, “Tramp Marşrutu” layihəsi, eləcə də Ermənistan ilə Türkiyə arasında nəqliyyat əlaqələri, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz kommunikasiya təmin edən Orta Dəhlizin vacib hissəsinə çevrilə bilər.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri konfliktin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinə görə, Ermənistan “Tramp Marşrutu” (TRIPP) çərçivəsində ABŞ-a 99 illik eksklüziv uzunmüddətli hüquqlar verəcək. Bu hüquqlar, Ermənistan qanunvericiliyinə uyğun olaraq, Azərbaycan tərəfindən Naxçıvanla quru əlaqəsinin yaradılması üçün istifadə ediləcək marşrutun inkişafına aiddir. ABŞ tərəfi torpağı konsorsiuma subarenda verərək infrastruktur və idarəetmədən məsul olacaq.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.