ABŞ Ukraynanın “Koreya ssenarisi” ilə bölünməsini təklif edir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ tərəfindən hazırlanan və artıq 20 bənddən ibarət olan yeni sülh planı Ukraynanın Avropa İttifaqına daxil olmasının konkret müddətini, demilitarizasiya parametrlərini müəyyən edir və təhlükəsizlik arxitekturasını qurur.
Plan üç sənədə bölünür: sülh planının özü, təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa planı.
Planın əsas detalları aşağıdakılardır:
-
Donetsk vilayətindən Xersona qədər bütün atəşkəs xətti boyunca silahsızlaşdırılmış zonanın yaradılması təklif edilir. Bunun ardınca ağır silahların yeridilməsinin qadağan olunacağı daha dərin zona gələcək.
-
Ordunun sayının 600 mindən 800 minə qədər limitlənməsi müzakirə olunur, lakin Ukrayna hər hansı formal məhdudiyyətdən imtina edir.
-
Ərazilərin dəyişdirilməsi və sərhədlərin çəkilməsi ilə bağlı diskussiyalar gedir. “Koreya ssenarisi”nin, yəni mübahisəli rayonların statusu ilə bağlı qərarın təxirə salınması şərtilə fiksə edilmiş ayırma xəttinin tətbiqi mümkündür.
-
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) Rusiyanın nəzarətində olmayacaq, ABŞ obyektin idarəçiliyini öz üzərinə götürə bilər.
-
Ukraynanın 2027-ci ildə Avropa İttifaqına daxil olması nəzərdə tutulur. ABŞ Ukraynaya qapıların açılması üçün Macarıstana təzyiq göstərəcək. Üzvlüyün ticarəti və investisiyaları inkişaf etdirəcəyi, həmçinin dövlətdəki “zərərli” korrupsiyanı nəzarətə alacağı bildirilir.
-
ABŞ NATO-nun 5-ci maddəsinə analoji təhlükəsizlik zəmanətləri verəcək. Ukrayna bunun Konqres tərəfindən ratifikasiya olunmasını istəyir.
-
Ukraynanın suverenliyi istənilən Rusiya vetosundan qorunacaq.
-
Tramp administrasiyası Rusiyanın dondurulmuş aktivlərindən 100 milyard dolların Ukraynanın bərpasına ayrılmasını təklif edir və bu məbləğ arta bilər.
-
ABŞ rəsmiləri “BlackRock” və Dünya Bankı ilə Ukrayna İnkişaf Fondunun yaradılması barədə danışıqlar aparır ki, bu da bərpaya 400 milyard dollar cəlb edəcək. Tramp analoji investisiyaların Rusiya üçün də olmasını istəyir.
Xuraman Etibarlı
İnterpress.az