AZ

Distant iş formasının mənfi və müsbət tərəfləri - AÇIQLAMA

Bakı, 10 dekabr, AZƏRTAC

Məsafədən - distant çalışmaq 2020-ci ildən sonra xüsusi əhəmiyyət kəsb etməyə başladı. Belə ki, müasir dövrdə texnologiyanın inkişafı məsafədən işləmənin sürətli tətbiqinə gətirib çıxardı.

İqtisadçı Xalid Kərimli AZƏRTAC-a bildirib ki, distant əməyin bir sıra üstünlükləri var.

“Bura ofis xərclərinin aşağı düşməsi, kommunal xərclərinə əhəmiyyətli qənaət, daha kiçik ofislərə ehtiyac duyulması, nəqliyyat və qida xərclərinə ciddi qənaət edilməsi, məsafədən ucuz və keyfiyyətli işçi qüvvəsinin cəlb edilməsi daxildir. Ən böyük əhəmiyyəti isə tıxacların, enerji sərfiyyatının azaldılmasıdır. Dünyanın tanınmış şirkətləri işçilər üçün həm ofis, həm də kənardan iş imkanları yaradır, müxtəlif modellər qururlar”, - deyə Xalid Kərimli əlavə edib.

İqtisadçı qeyd edib ki, ancaq distant işləmək bir sıra problemlər də yaradır, distant iş modelinin biznes üçün çətinlik yaratması mümkündür: “Belə ki, distant əmək fəaliyyəti data təhlükəsizlik və informasiyanın ötürülməsi sahələrində əlavə xərclərə gətirib çıxara bilər. İşçinin kənardan işlədiyinə görə daha az əməkhaqqı təklifləri alması mümkündür. Bu sahədə getdikcə daha çox insan çalışdığına görə, rəqabət də ciddi olur.

Bundan başqa, əmək məhsuldarlığının və effektivliyin aşağı düşməsi də çatışmazlıqlara daxildir. Həmçinin işçilər arasında komanda mühitinin olmaması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır”.

Seçilən
11
1
azertag.az

2Mənbələr