AZ

Azərbaycan–Slovakiya Strateji Tərəfdaşlığında Yeni Mərhələ: Prezident İlham Əliyevin Tarixi Səfərinin Əhəmiyyəti



Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri Azərbaycan–Slovakiya münasibətlərinin strateji mahiyyətini bir daha dolğun şəkildə nümayiş etdirdi. Bu səfər təkcə ikitərəfli siyasi dialoqun yeni mərhələsini müəyyənləşdirdi, həm də regional və qlobal miqyasda Azərbaycanın artan rolunu təsdiq edən mühüm hadisə oldu.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və müstəqil xarici siyasət ölkəmizin Avropa İttifaqına üzv ölkələrlə strateji əməkdaşlıq çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib. Son illərdə Azərbaycanla Avropa məkanına daxil olan dövlətlər arasında imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq Bəyannamələri münasibətlərimizə keyfiyyətcə yeni məzmun verib. Slovakiya ilə imzalanmış strateji tərəfdaşlıq sənədi isə bu əlaqələrin ən yüksək siyasi səviyyəyə qaldırıldığını təsdiqləyir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın son illərdə həyata keçirdiyi nüfuzlu enerji siyasəti ölkəmizə Avropanın enerji xəritəsində əvəzolunmaz yer qazandırıb. Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, həm də qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm strateji rol oynayır. Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələrinin icrası Avropanın enerji şaxələndirilməsinə real və davamlı töhfə vermişdir.
Tamam Cəfərovanın sözlərinə görə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı aparılan müzakirələr enerji təhlükəsizliyi gündəmini xüsusi ön plana çıxardı. Azərbaycanın təbii qaz ixracının coğrafiyası genişlənməkdə davam edir və bu, səfər zamanı aparılan danışıqlarda xüsusi diqqət mərkəzində olub. Azərbaycanın qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun təxminən yarısı Avropa ölkələrinə yönəldilib. Bu gün Aİ-yə üzv 8 ölkə Azərbaycan qazını alır, bu isə Avropa üçün alternativ, etibarlı və dayanıqlı enerji mənbəyidir. Yeni yataqların istismara verilməsi və hasilatın artması Slovakiya da daxil olmaqla Avropa ölkələrinə qaz tədarükünün genişləndirilməsinə imkan yaradacaq. Azərbaycan bu gün Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi qəbul olunur. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji şaxələndirilməsinə real töhfə verir. Dövlət başçımızın bəyanatında da vurğuladığı kimi, “Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.”

Millət vəkili əlavə edib ki, səfərin digər mühüm istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan danışıqlardır:
Slovakiya texnologiyalarının Azərbaycanın sənaye və maliyyə imkanları ilə birləşdirilməsi yeni istehsal layihələrinin reallaşmasına şərait yarada bilər. Bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də dünya bazarı üçün yeni imkanlar deməkdir.
Tamam Cəfərova xüsusilə diqqətə çatdırıb ki, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı dostluq münasibətlərinin praktik təzahürüdür. Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya tərəfindən həyata keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm göstəricidir. Bu, iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlərin real nəticəsidir.

Deputat sonda vurğulayıb ki, səfərin nəticələri Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişafına güclü impuls verəcək.Bu tarixi səfər ikitərəfli əməkdaşlığın dərinləşməsinə, yeni iqtisadi, enerji, müdafiə və humanitar layihələrin formalaşmasına geniş imkanlar açır. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycana göstərilən beynəlxalq etimad daha da möhkəmlənir və respublikamız regionun lider dövləti statusunu artırılmış dinamika ilə qoruyur.



Seçilən
40
aia.az

1Mənbələr