AZ

Bu həkimlər məcburən 3 il dövlət xəstəxanasında işləməlidir - RƏSMİ

Bəzi ölkələrin praktikasında belə bir qayda mövcuddur ki, həkimlər özəl xəstəxanada işləmək və ya şəxsi tibb müəssisəsi, yəni kiçik klinika açmaq istədikləri halda günün müəyyən saatlarını mütləq dövlət tibb müəssisəsində çalışmalı və əhaliyə sığorta çərçivəsində tibbi xidmət göstərməlidirlər. 

Çünki əhalinin yaxşı həkim almaq hüququ var. Bu, ona görədir ki, əhali yüksək ixtisaslı həkimlərin xidmətindən yalnız özəl sektorda deyil, həm də dövlət sistemində yararlana bilsin. 

Bəs Azərbaycanda belə bir tələb varmı? 

Azərbaycanda həkimlərin özəl tibb müəssisəsində işləməsi və ya özəl klinika açması üçün dövlət xəstəxanasında işləmək kimi bir məcburiyyəti var? 

Həkim öz iş yerini sərbəst şəkildə seçə bilir? 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən "Cebheinfo.az”-a bildirilib ki, Azərbaycan qanunvericiliyi həkimlərin özəl tibb müəssisələrində işləməsi üçün dövlət xəstəxanasında çalışmaq öhdəliyini nəzərdə tutmur: 

"Azərbaycan qanunvericiliyinə əsasən, həkimlərin özəl tibb müəssisəsində işləməsi üçün mütləq dövlət xəstəxanasında çalışması tələbi yoxdur". Bildirilib ki, bu tələb yalnız dövlət sifarişi (büdcə) əsasında rezidentura təhsili alan məzunlara şamil olunur: 

"Lakin əgər həkim rezidentura təhsilini dövlət sifarişi (büdcə) əsasında alıbsa, təhsili bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində dövlət tibb müəssisələrində davam etdirməlidir. Səhiyyə Nazirliyi tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir. 

Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir". 

Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər: 

"Bu 3 illik məcburi təyinat müddəti bitdikdən sonra həkim ixtisasına uyğun sərbəst şəkildə dövlət və qeyri dövlət tibb müəssisələrində çalışa bilər". 

Seçilən
55
1
cebheinfo.az

2Mənbələr