Elm və Təhsil Naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Konfransda çıxışı zamanı Azərbaycan dili dərslərinin saatlarının artırılması və 6-cı sinifdən etibarən bütün bölmələr üzrə, xüsusən də Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması məsələsinə toxunub.
AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
Müsahibimiz bildirib ki, bu qərar bir neçə real və təbii səbəbdən qaynaqlanır:
“Nazirin Milli Məclisdə səsləndirdiyi bu yanaşma təsadüfi qərar deyil, vaxtın özü bu ehtiyacı ortaya çıxarıb. Bu dəyişiklik, ilk növbədə, ana dilinin məktəbdə mövqeyini daha da möhkəmləndirmək zərurətindən doğur. Uşaq ana dilində nə qədər düzgün oxuyur, yazır və düşünürsə, bir o qədər sağlam düşüncə sistemi formalaşır. Dünya təcrübəsi də bunu təsdiqləyir: Finlandiya, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə əsas fənlər məhz milli dildə tədris olunur və təhsilin yüksək keyfiyyəti də bunun üzərində qurulur. Xarici dillər isə bunun alternativi deyil, əlavə dəyəri kimi qəbul olunur.
Bu addım milli dili gücləndirməklə qlobal dünyaya açılmaq niyyətinin göstəricisidir”.
Şagirdlərdə tarixi və milli şüurun daha güclü formalaşdırılmasına ehtiyac açıq şəkildə görünməkdədir:
“Tarix yalnız məlumat ötürmək deyil, kimlik formalaşdırmaqdır. Azərbaycan tarixi uşağa öz dilində öyrədildikdə həm daha təsirli olur, həm də yaddaşda daha möhkəm qalır. Milli özünüdərk də məhz buradan başlayır.
Bununla yanaşı, təhsildə dil parçalanmasının yaratdığı boşluqlar da bu qərarı zəruri edən səbəblərdəndir. Şagird bir fənni bir dildə, digərini başqa dildə, gündəlik ünsiyyəti isə fərqli dildə qurduqda, təfəkkürdə müəyyən qarışıqlıq yaranır. Saatların artırılması və əsas fənlərin Azərbaycan dilində tədrisi bu dağınıqlığı aradan qaldırmağa xidmət edir.
Və ən önəmlisi, bu addım milli dili gücləndirərək qlobal dünyaya daha inamlı şəkildə inteqrasiya niyyətinin göstəricisidir. Açıq desəm, bu dəyişiklik özünə güvənən bir təhsil baxışından irəli gəlir. Dilinə sahib çıxan cəmiyyət gələcəyinə də daha böyük inamla baxır. Düzü, bu qərar artıq çoxdan gözlənilirdi”.