Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Orta Dəhlizdə əsas açar ölkəyə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat TÜİB-in 2025-ci il Fəaliyyət Hesabatı və II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda iqtisadi və nəqliyyat baxımından strateji mövqeyi daha da güclənib.
“Orta Dəhlizin aktivləşməsi, Qarabağ zəfərindən sonra Azərbaycanın parlayan ulduza çevrilməsi bölgədə yeni ticarət imkanları yaradıb. Bu prosesdə Azərbaycan təkcə tranzit deyil, həm də regionun əsas açar ölkəsinə çevrilir. Biz iş adamları olaraq bu reallığı düzgün oxuyuruq və fəaliyyətimizi məhz bu istiqamətdə qururuq”, - deyə Hüseyin Büyükfırat vurğulayıb.
TÜİB sədri əlavə edib ki, Orta Dəhliz və regional ticarətin inkişafı məqsədilə təşkil olunan forumun birincisi uğurla keçirilib və ikincisinin də bu il baş tutması planlaşdırılır.