Onun siqaretə çevrilməsi isə ömrümüzə balta çalır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hazırda dünyada 100 milyon nəfərdən çox insan elektron siqaret (e-siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. Uşaqlar arasında e-siqaret istifadəsi isə yetkinlərə nisbətən, təxminən, 9 dəfə yüksəkdir.
E-siqaretlər ənənəvi siqaretlərə alternativ təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Bu məhsulların rəngarəng dizaynlarla sosial mediada geniş reklamı e-siqaretləri gənclər üçün daha cazibədar edir. Əsas hədəf ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, bu cihazın istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır.
Bundan əlavə, e-siqaretlərin tüstüsünün olmaması və xoş qoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər e-siqaretlərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat şəkildə istifadə olunmasını şərtləndirir və insanların passiv şəkildə təsirə məruzqalma ehtimalını artırır.
ÜST hesabatında, eyni zamanda, ölkələrə çağırış edərək yeniyetmələr arasında e-siqaret və digər nikotin məhsullarının istifadəsinin yaxından izlənilməsi, yenilərinin yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruriliyini bildirir.
Pulmonoloq Asif Haqverdiyev söhbətində bildirdi ki, ənənəvi siqaretlərə elektron əsaslı alternativin yaradılmasına ötən əsrin əvvəllərində başlanılıb. E-siqaretlər üçün ilk patent 1930-cu ildə ABŞ-da verilib. Lakin bu ölkə tarixində belə bir texnologiyanın tətbiqinin və ya hər hansı prototipin hazırlanmasının təsdiqi barədə heç bir fakt qeydə alınmayıb. E-siqaretin ilk fiziki başlanğıcının əsası isə 1965-ci ildə ABŞ-da Herbert A.Hilbert tərəfindən qoyulub.
A.Haqverdiyevin məlumatına görə, ötən əsrin sonlarında e-siqaretin yaradılması istiqamətində çoxsaylı tədqiqatlar və sınaqlar aparılsa da, bu, nəticəsiz qalıb. Belə bir uğursuzluq isə müəyyən avadanlıq və texnologiyaların hazırlanması imkansızlığı ilə bağlı olub. Lakin bütün bunlara baxmayaraq, tədqiqatların gedişatında müəyyən irəliləyişlər, məsələn, e-siqaretlərdə istifadəsi xüsusi önəm daşıyan “qızdırmaq, lakin yandırmamaq” kimi yeni bir prinsip texnoloji həll yolu ilə həyata vəsiqə alıb.
Nəhayət 73 il sonra, 2003-cü ildə Çinin paytaxtı Pekində ilk işlək e-siqaret buraxıldı. Modelin müəllifi 52 yaşlı əczaçı-ixtiraçı Xon Lik idi. Siqaret aludəçisi olan atasının ağciyər xərçəngindən vəfat etməsi onu təsirləndirmiş və ixtirasına “Ruyan” (tüstüyə bənzər) adını vermişdi. E-siqaretin kəşfinin əsas məqsədi isə siqaret çəkəni nikotin asılılığından azad etmək idi.
Həmin vaxtdan uzun bir dövr keçsə də, o məram, düşüncə dəyişməyib. Təbii ki, bu məsələdə bazara e-siqaretlər buraxan şirkətlərin sözügedən cihazın insanı nikotin asılılığından azad edən önəmli vasitə, ziyansız model olması ilə bağlı güclü təbliğatı əsas rol oynayıb. Bütün bunlar nəticə etibari ilə e-siqaretlərin satışlarına və populyarlaşmasına birbaşa təsir göstərib.
ÜST-nin ən yeni məlumatına əsasən, son 19 ildə siqaret çəkənlərin sayında azalma müşahidə edilib. Belə şəxslərin sayı 2000-ci ildəki 1,14 milyard nəfərdən 1,1 milyarda qədər azalıb. E-siqaret istifadəçilərinə münasibətdə isə tam fərqli tendensiya müşahidə olunub. Belə ki, “Euromonitor” analitik şirkətinin xəbərinə görə, 2011-ci ildə elektron siqaret çəkənlərin sayı 7 milyon nəfər olduğu halda, cəmi 7 il ərzində bu rəqəm 6 dəfə artaraq 41 milyon nəfərə yüksəlib. Şirkətin dəyərləndirməsinə əsasən, 2021-ci ildə bu göstəricinin 55 milyon nəfərə çatacağı proqnozlaşdırılıb. E-siqaretlərin qlobal bazarının dəyəri isə son 5 ildə 6,9 milyard dollardan 19,3 milyard dollara kimi çoxalıb və 2023-cü ilə 26,84 milyard dollara çatacağı proqnozlaşdırılıb.
Burada diqqətçəkən əsas məqam odur ki, beynəlxalq aləmdə bazar perspektivinin və cəmiyyətin sağlam həyat tərzinin yüksək dəyərləndirilməsini görən tütün şirkətləri bu sahəyə can atır və e-siqaretlərin istehsalına külli miqdarda investisiyalar yatırır. E-siqaretlərin ən böyük istehlakçısı olan ABŞ bazarının 75 faizinə sahib olan “Juul Labs” şirkətinin 35 faiz səhmlərinin “Marlboro”nun istehsalçısı və “Philip Morris”in sahibi olan “Altria Group” tərəfindən 12,8 milyard dollara alınması məhz bunun bariz ifadəsidir.
İlk anda bu fakt e-siqaretin tərkibindəki maddələrin insan orqanizminə zərər verməməsi anlamına gəlir. Amma mütəxəssis şərhindən sonra əsl həqiqət üzə çıxır. Bu məsələ ilə uzun müddət araşdırma aparan ekspert Abbas Umudovun sözlərinə görə, e-siqaretlərin əsas komponenti müxtəlif dad əlavələri (mentol, vanil, kofe, şokolad və s.) olan mayedir. O, propilenqlikol, qliserol, aramotozator və nikotin əsaslı olur. Birinci komponent e-siqaretlərdə əlaqələndirici rolunu oynayır. Qliserol buxarın keyfiyyətinə təsir edərək onu sıxlaşdırır. Aramotizator təbii və süni yollarla alınan qarışıqdır və mayeyə dad verir.
Hesab edilir ki, e-siqaretlərin tərkibində ziyanlı qəbul olunan yeganə komponent nikotindir. Onun e-siqaretlərdə olması tütündən imtina edən insanın nikotin çatışmazlığı ilə bağlı fiziki əziyyət çəkməsini önləyir. Nikotinin varlığı həm də boğaza zərbə effekti üçün lazımdır. Bu, özünü yuxarı nəfəs yollarında yerləşən sinir uclarının qıcıqlanmasında göstərir ki, nəticədə insan e-siqaret çəkməkdən ləzzət alır.
A.Umudov deyir ki, adi və e-siqaretlər arasında əsas fərq sonuncuda benzol, ammiak, sianid və digər komponentlərin olmamasıdır. E-siqaretlərin istifadəsi zamanı dişlər və barmaqlar saralmır və ətrafdan tütün qoxusu gəlmir. Eyni zamanda, elektron cihazın istifadəsi, ilk növbədə, psixoloji amilə əsaslanır. Başqa sözlə, e-siqaret istehsalçıları tərəfindən “buxarvermə” ifadəsi kütlə arasında geniş təbliğ edilməklə sanki söhbətin siqaret çəkməkdən getmədiyi düşüncəsi yaradılır.
Bununla istehlakda adi papirosa nisbətən e-siqaretdən daha çox istifadəyə üstünlük verilir. Amma orqanizmə e-siqaretlərin tərkibində yerləşdirilən nikotin və digər maddələrdən ciddi ziyan dəyir. Nəticədə, qan dövranı, sinir sistemi, damarlar, böyrək, qaraciyər əziyyət çəkir. İnsan orqanizminin elektron siqaretə reaksiyası adi siqaretə olduğu kimidir və ondan istifadə zamanı nəfəsə oksidativ stres və xərçəng yaradan birləşmələr gedir. Həmin birləşmələr adi siqaretlərdə olandan az olsa da, xəstəliyi yaratmağa yetərlidir.
Heyvanlar üzərində aparılan tədqiqatlara görə, hamiləlik vaxtı e-siqaret çəkmənin dölə təsiri adi siqaretlərdən fərqli deyil. E-siqaretlərin buxarında dəmir, gümüş, nikel, alüminium, mis, qurğuşun və xrom kimi müxtəlif metalların hissəcikləri aşkar edilib. Tədqiqtalara əsasən, e-siqaretlərdəki nikotinin həcmi bəyan edildiyindən artıq olur.
Həkim-ekspert Qulu Məhərrəmovun sözlərinə görə, e-siqaretlər indiyədək ÜST tərəfindən sertifikatlaşdırılmayıb. Bundan başqa, nə kartriclərin, nə də siqaretlərin icbari sertifikatlaşdırmadan keçirilməməsi saxta və insan orqanizmi üçün ziyanlı e-siqaretlərin istehsalına geniş imkan yaradıb. Bunun nəticəsində istifadə zamanı bu cür siqaretlərin partlaması və insanlara ağır bədən xəsarətləri yetirməsi halları intensivləşib. 2015-2017-ci illər arasında ABŞ-da elektron siqaretlərin partlaması ilə bağlı təxirəsalınmaz yardımın sayı 2035-ə çatıb.
Belə hadisələrin bir çoxu e-siqaretdən istifadə anında baş verib və iki halda bu, ölümlə nəticələnib. Bir müddət əvvəl isə ABŞ-da Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi e-siqaret həvəskarları arasında ağciyər və respirator xəstəliklərin çoxalmasını qeydə alıb. Hindistan hökuməti daha da irəli gedərək bütün növ elektron siqaretlərin idxalını, satışını, reklamını və istehsalını qadağan edib. Bu isə e-siqaretlərin gənclər arasında sürətlə populyarlıq qazanması və tənəffüs yolları xəstəliklərinə səbəb olması ilə bağlıdır.
Nurlanə ƏHMƏDZADƏ,
pulmonoloq
E-siqaretlər tütün məmulatı hesab edilmir, çünki tərkibi yalnız nikotin əsaslıdır. ÜST-nin məlumatına görə, bu məhsullar ictimai sağlamlığın qorunması baxımından ciddi əndişə doğurur. Eyni zamanda, adıçəkilən təşkilat bu cihazların sağlamlıq üçün ziyanlı olması barədə davamlı bəyanatlar yayır və onun gənclərin sağlamlığına mənfi təsir göstərməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edir.
Nikotin tərkibli e-siqaretlərin gənclər və hamilə qadınlar tərəfindən istifadəsi xüsusilə təhlükəlidir. Bu cür siqaretlərin çəkilməsi zamanı orqanizmə daxil olan aerozolun tərkibində onkoloji, ürək və ağciyər xəstəlikərinin inkişafı riskini artıran toksik maddələr var. Çəkmə prosesində istifadəçinin nəfəsindən çıxan aerozol isə siqaret çəkməyən və ətrafda olan insanları nikotin və bəzi toksik maddələrin təsirinə məruz qoyur. Eyni zamanda, orqanizmə daxil olan hər hansı bir maddə qan dövranına sovrulduqdan sonra bütün orqanlarda aşkarlanır.
E-siqaretlərdə istifadə olunan maye yağ əsaslıdır. Onun tərkibində nikotinlə yanaşı, propilenqlikol, qliserol kimi fəal maddələr də var. Qliserol və propilinqlikol həm də ağır kimyəvi bir düstura malikdir, daha çox təbiətdə neftin tərkibində aşkarlanır. Propilenqlikol və qliserol kimyəvi üsullarla neftdən ayrılır, sənayedə istifadə edilir, e-siqaretə daxil olması da bir sıra təhlükəyə yol açır. Ayrı-ayrılıqda hər ikisi ağır kanserogen nəticə verə biləcək maddələrdir. Bunların nəfəs yollarına daxil olması, yerli toxumalara təsiri və qana sovrularaq qanda dolaşması daxili orqanların yüksək konsentrasiyasına gətirib çıxarır.
Orqanizmə daxil olan hər hansı bir maddə qan dövranına sovrulduqdan sonra bütün orqanlarda aşkarlanır. E-siqaret çəkən şəxslərdə bu, ilk növbədə, ağciyərlərdə özünü göstərir. Araşdırmalara görə, e-siqaret heç də təbliğ edildiyi qədər təhlükəsiz deyil. E-siqaretin çəkilməsi də gəncləşib, bəzi xarici ölkələrdə məktəb yaşlı uşaqlar arasında istifadəsinə rast gəlinir. Belə ki, ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin statistikasına əsasən, ötən ilin sentyabrında bu ölkədəki məktəblilərin 20 faizi və ya 3 milyon nəfər e-siqaret istifadəçisi olub.
Azərbaycanda ev təsərrüfatları tədqiqatının son məlumatlarına əsasən, 15 və yuxarı yaşda olan əhalinin 31,9 faizi siqaret çəkir. E-siqaret ölkəmiz üçün kifayət qədər yeni anlayışdır və mövcud tələb 100 faiz idxal hesabına ödənilir. Respublikamızın geniş auditoriyalı elan saytlarının birində verilən məlumatların ilkin təhlili göstərir ki, markasından və xüsusiyyətlərindən asılı olaraq istehlakçılara təklif edilən e-siqaretlərin qiyməti artıq 250 manatı keçir. Bu cihazlarda istifadə olunan nikotin tərkibli mayenin 10 milliqramının qiyməti isə 5 manatdan başlayır.
Əsəd BEYDULLAYEV,
pulmonoloq
E-siqaretlərin zərərsiz olduğu barədə geniş yayılan fikir tamamilə yanlışdır. Bu cür siqaretlər son illərdə xüsusilə xanımlar və yeniyetmələr arasında geniş yayılıb. Lakin tibbi araşdırmalar göstərir ki, belə məhsulların uzunmüddətli istifadəsi təhlükəlidir. 2019-cu ildən etibarən tibb dünyasında təsdiqlənən “EVALİ” (e-siqaretlə bağlı ağciyər zədələnməsi) adlı xəstəlik ciddi narahatlıq doğurur. Bu, e-siqaret istifadəsi nəticəsində yaranır və əsasən təngənəfəslik, yüksək hərarət, halsızlıq, ağciyər zədələnməsi kimi ciddi simptomlarla özünü göstərir.
E-siqaret istifadəçilərində 90 gündən artıq istifadə belə “EVALİ” riskini artırır. Bu, gənclər və yeniyetmələr üçün xüsusilə təhlükəlidir, çünki onların ağciyərləri hələ tam inkişaf etməyib. Siqareti buraxmaq istəyən şəxslər elektron siqaretə keçməməlidir. Məqsəd yalnız zərərin azaldılması olmamalı, bu təhlükəli vərdişi tamamilə tərgitmək daha sağlam və təhlükəsiz variant hesab edilməlidir. E-siqaret adi siqaretlərdən daha az zərərli kimi qəbul edilsə də, tibbi baxımdan bu fikir yanlışdır. Bu siqaretin də öz riskləri və ciddi sağlamlıq problemləri var.
Nikotinsiz hesab edilən bəzi e-siqaret mayelərində belə, orqanizm üçün zərərli kimyəvi birləşmələr aşkar edilib. Bu maddələr nəfəs yollarının selikli qişasını zədələyir və xüsusilə gənclərdə tənəffüs problemlərinin yaranmasına yol açır. ÜST-nin son hesabatında da qeyd olunur ki, e-siqaretlərin istifadəsi son illərdə 13-17 yaş arası yeniyetmələr arasında sürətlə artıb və bu, gələcəkdə nikotin asılılığının güclənməsinə gətirib çıxara bilər. E-siqaretlərin “dumansız” olması isə onların zərərsiz olduğu anlamına gəlmir. Buxar ağciyərlərə daxil olduqda, orada oksidləşmə prosesi baş verir və hüceyrələrin zədələnməsi nəticəsində xroniki ağciyər xəstəlikləri formalaşır. ABŞ və Avropada aparılan bir sıra tədqiqatlarda e-siqaret istifadəçilərində astma və bronxit hallarının artdığı da müşahidə olunur.
Vaqif BAYRAMOV
XQ