AZ

Zaur İbrahimli: “Azərbaycanda QHT-lərin özəl sektorla əməkdaşlığı hələ də çox zəif səviyyədədir”

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində 9 dekabrda Bakıda keçirilən Forumun I panelində məruzə ilə, III paneldə isə moderator qismində çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Zaur İbrahimli ölkədə QHT-lərin mövcud durumu, maliyyə dayanıqlığı və özəl sektorla əməkdaşlıq imkanları barədə geniş danışıb.

QHT.az xəbər verir ki, Zaur İbrahimli bildirib ki, hazırda Azərbaycanda təxminən 4 minə yaxın QHT qeydiyyatdan keçib, onlardan təxminən 1000-ə yaxını aktiv fəaliyyət göstərir, aktiv təşkilatların isə 60 faizi intensiv şəkildə dövlət qurumları ilə əməkdaşlıq edir. Buna baxmayaraq, özəl sektorla əməkdaşlıq hələ də çox məhdud səviyyədə qalır:

“90-a yaxın iri şirkətin təhlilini apardıq və məlum oldu ki, onların cəmi 18–19-u QHT-lərlə davamlı əməkdaşlıq edir. Bu, çox aşağı göstəricidir. Halbuki qardaş Türkiyədə QHT-lərin təxminən 40 faizi özəl sektorun korporativ sosial məsuliyyət (KSM) təşəbbüslərinə cəlb olunur. Qazaxıstanda bu rəqəm 20 faizə yaxındır.

Azərbaycanda KSM təşəbbüsləri əsasən 5 əsas mövzu ətrafında cəmləşib və bu da cəmiyyətin dəyişən ehtiyaclarını tam əhatə etmir. Cəmiyyətin texnoloji və sosial tələbatları sürətlə dəyişir, amma KSM təşəbbüsləri hələ də məhdud mövzular ətrafında dövr edir. Milyonlarla vəsait ayrılır, lakin bu resursların daha səmərəli və geniş istiqamətlərə yönəldilməsinə ciddi ehtiyac var.”

O, bəzi şirkətlər üçün prioritet sahələrin dəyişməz qala biləcəyini də vurğulayıb:

“Məsələn, Azergold üçün ətraf mühit prioritetdir, çünki mədən sənayesi ilə məşğuldur. Amma bu istiqamətin daxilində daha rəngarəng və çoxsaylı QHT-lərin cəlb olunduğu layihələr həyata keçirmək olar. Hazırda QHT-lərin iki əsas maliyyə mənbəyi mövcuddur:

  • Dövlət qrantları

  • Özəl sektorun ianələri

Lakin hər iki mənbə kifayət etmirə. Bu il Agentlik tərəfindən təxminən 407–415 layihə maliyyələşdirilib. Orta qrant məbləği təqribən 12 min manatdır. Bir təşkilat ildə cəmi bir dəfə maliyyə ala bilir. Bu isə QHT-lərin real fəaliyyət ehtiyacları üçün çox azdır. Özəl sektorun ianələrinə gəlincə isə, bu sahədə yalnız məhdud sayda QHT iştirak edə bilir.”

Zaur İbrahimli 2024-cü ilin 14 sentyabr tarixində Nazirlər Kabinetinin qərarları ilə qrant müsabiqələrinin keçirilməsi qaydalarının yeniləndiyini, hazırda isə bütün prosesin tam rəqəmsallaşdırıldığını bildirib:

  • Qrantların qəbulu

  • Qiymətləndirmə

  • Monitorinq
    tam elektron sistem üzərindən həyata keçirilir.

Zaur İbrahimli 2024–2025-ci illərdə QHT sektorunun beynəlxalq uğurlarını da xüsusi qeyd edib:

  • Qlobal Cənub QHT Platforması təsis olunub – 116 ölkəni əhatə edir, katibliyi Bakıda yerləşir.

  • Türk Dövlətləri QHT Platforması yaradılıb – 8 ölkə iştirak edir.

  • Cenevrədə “Qarabağ günləri” aksiyası keçirilib.

  • BMT Baş Assambleyasında Bakı Təşəbbüs Mərkəzi barədə sənəd qəbul olunub.

Zaur İbrahimli bildirib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi və Nazirlər Kabinetinin 88 saylı qərarı QHT-lər üçün müəyyən imkanlar yaradır, lakin bu imkanlar hələ də məhdud sahələri əhatə edir:

“QHT-lərin mədəniyyət, yaradıcı sənaye, elm və təhsil sahəsində həyata keçirdiyi layihələr mənfəət vergisindən azad edilə bilər. Amma biz hesab edirik ki, bu güzəştlərin dairəsi daha da genişləndirilməlidir.

Gənclərin QHT sektoruna cəlbi ilə bağlı təklif məsələyə də toxunum. Hazırda QHT sektorunda orta yaşlı kadrlar üstünlük təşkil edir. Gənclərin bu sahədə daha aktiv iştirakı üçün gənclər evləri və digər mexanizmlər vasitəsilə onların qeyri-hökumət təşkilatlarına daha sistemli şəkildə cəlb olunması vacibdir.”

 

Pərvanə Fərhadqızı

Seçilən
38
qht.az

1Mənbələr