Amerika Birləşmiş Ştatlarının F-18 tipli qırıcı təyyarələri Venesuela hava məkanına daxil olaraq təxminən 40 dəqiqə orada qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bbu barədə “Miami Herald” qəzeti Flightradar məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, qırıcılar Zuliya və Falkon ştatları arasında – ölkənin enerji sektorunun əsas marşrutu üzərində uçuş ediblər.
Marakaibodan cəmi 160 kilometr məsafədə qeydə alınan uçuş həm də milyardlarla barel neft ehtiyatına malik Marakaibo gölünün üzərindən keçib.
Nəşr yazır ki, uçuş həyata keçirilən zona strateji əhəmiyyət daşıyır.
Buradan Zuliya və Falkondakı neft emalı zavodlarına xidmət edən tankerlər və balıqçı gəmiləri istifadə edir. Marakaibo şəhərində isə Venesuela Hərbi Hava Qüvvələrinin əsas bazalarından biri yerləşir.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ni ölkənin neft ehtiyatlarını ələ keçirməyə cəhd göstərməkdə ittiham edir və “son 100 ilin ən ciddi işğal təhlükəsi” ilə üzləşdiklərini bildirir. Vaşinqton isə Karib hövzəsinə təyyarədaşıyan gəmi qrupu, nüvə sualtı qayığı və 16 mindən çox hərbçi göndərib.
ABŞ qüvvələrinin sentyabr ayından bəri bölgədə ən azı 20 sürət qayığını batırdığı, 80-dən çox insanın həlak olduğu qeyd olunur.
Xatırladaq ki, noyabrın 27-də ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı narkotik qaçaqmalçılığı ilə mübarizənin “çox tezliklə quruda” aparılacağını açıqlamış, bir neçə gün sonra isə ölkə üzərində hava məkanının bağlandığını elan etmişdi.