ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Tomas Massi ölkənin Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 – “NATO Qanunu” adlı qanun layihəsini təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konqresmenin rəsmi açıqlamasında bildirilir:
“NATO Soyuq Müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və vəsaitləri sosialist ölkələrin müdafiəsinə yox, öz ölkəmizin təhlükəsizliyinə yönəltməliyik”.
Massi qeyd edib ki, alyans artıq mövcud olmayan SSRİ-yə qarşı yaradılıb və ABŞ-nin NATO üzvlüyü vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib.
Onun sözlərinə görə, bu vəziyyət Vaşinqtonu xarici münaqişələrə cəlb etmək riskini artırır.
Konqresmen daha sonra bildirib ki, ABŞ bütün dünya üçün təhlükəsizlik çətiri rolunu oynamaq məcburiyyətində deyil – xüsusən də varlı ölkələr öz müdafiə xərclərini qarşılamaqdan imtina etdikdə.
Qanun layihəsi ABŞ prezidentindən sənəd qüvvəyə mindikdən sonra 30 gün ərzində NATO-ya rəsmi çıxış bildirişi göndərməsini tələb edir. Həmçinin büdcə vəsaitlərinin alyans strukturlarının maliyyələşdirilməsinə ayrılmasını qadağan edir. Oxşar layihə Senatda da Respublikaçı Mayk Li tərəfindən irəli sürülüb.
Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl NATO üzvlərinin müdafiə xərclərinin kifayət qədər olmaması səbəbilə ölkəni alyansdan çıxarmaqla dəfələrlə hədələyib. Bu ilin yayında NATO ölkələri müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-ə çatdırmaq öhdəliyini götürüblər.
Co Bayden administrasiyası dövründə Konqres istənilən ABŞ prezidentinin NATO-dan çıxmasını qadağan edən qanunu təsdiqləyib. Lakin ABŞ mediası yazır ki, Tramp prezidentlik səlahiyyətlərinə əsaslanaraq bu qadağanı aradan qaldıra bilər.