Yaponiyada 7,5 bal gücündə baş verən zəlzələdən sonra hökumət ölkənin şimal bölgələri üçün “meqazəlzələ” ehtimalına dair rəsmi xəbərdarlıq yayıb. AzPost xəbər verir ki, rəsmi məlumatlara görə, 8 və daha güclü zəlzələ ehtimalı cəmi 1 faiz olsa da, hakimiyyət orqanları əhalini hazır olmağa çağırıb.
Zəlzələ Aomori prefekturasının şərq sahillərində qeydə alınıb və əsasən yüngül xəsarətlər, eləcə də bəzi yol və tikililərdə zədələr baş verib. Yaponiyanın Meteorologiya Agentliyi bildirir ki, bu təkanlar Hokkaydo və Sanriku sahillərində riskləri müvəqqəti artırıb. Məhz bu bölgələrdə yerləşən geoloji çökəkliklər keçmişdə də çoxsaylı güclü zəlzələlərə səbəb olub.
Mütəxəssislər 2011-ci ildə 20 minədək insanın həyatına son qoyan dağıdıcı zəlzələ və sunaminin də eyni zonada baş verdiyini xatırladır. Hökumət hesab edir ki, bölgədə növbəti böyük təkan olacağı halda dalğaların hündürlüyü 30 metrə çata bilər və bu, yüz minlərlə insan üçün təhlükə yarada bilər.
Hazırlanan tövsiyələrə əsasən, sakinlərdən təcili yardım çantası hazırlamaları, evlərdə mebelləri sabitləmələri, ailə üzvləri ilə təxliyə planı barədə əvvəlcədən razılaşmaları istənilir. Sakinlərə gecələr gündəlik geyimdə yatmaq, sahilyanı rayonlarda isə xəbərdarlıq sistemlərinə abunə olmaq tövsiyə olunur.