Vaşinqton Kiyevdən ərazi güzəştləri qarşılığında atəşkəs razılaşmasına razılıq gözləyir…
Poliqon xəbər verir ki, ABŞ administrasiyası Ukrayna prezidentindən Tramp hökumətinin təqdim etdiyi “sülh planına” təcili cavab verilməsini istəyir. Financial Times yazır ki, Vaşinqtonun məqsədi Rusiya ilə atəşkəs barədə razılaşmanın 25 dekabr – Milad gününə qədər əldə olunmasıdır.
Məlumata görə, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner şənbə günü Zelenski ilə iki saatlıq telefon danışığı zamanı Kiyevin mövqeyi üzrə dərhal qərar verməsinə təzyiq göstəriblər. FT-nin mənbələri bildirir ki, Zelenskiyə ABŞ-ın təklifinə cavab üçün cəmi bir neçə gün vaxt verilib.
Plana əsasən, Ukrayna ABŞ-ın dəqiq konturları açıqlanmayan təhlükəsizlik təminatları qarşılığında müəyyən ərazi itkilərini tanımağa sövq edilir. FT yazır ki, dövlət rəsmiləri Zelenskinin Avropa tərəfdaşlarına təklifə reaksiya verməzdən əvvəl onlarla məsləhətləşməyə ehtiyac duyduğunu bildirib.
Məsələ ilə tanış bir mənbə qəzetə deyib ki, Tramp administrasiyası razılaşmanın “Milada qədər” əldə olunmasını gözləyir. Rəsmilərdən biri qeyd edib ki, Kiyev “qəbul edə bilmədiyi ərazi tələbləri ilə rədd edə bilmədiyi ABŞ tələbləri arasında sıxışıb”.
Ukrayna prezidenti bazar ertəsi Londonda Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə görüşüb. Almaniya kansleri Fridrix Mers vəziyyətin təcili xarakter daşıdığını vurğulayaraq deyib: “Biz burada qarşıdakı günləri müzakirə edirik, çünki bu, hamımız üçün həlledici məqam ola bilər”.
Poliqon.info