BAKI, 10 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, təhlükəsizlik şərtləri yerinə yetirildiyi halda, ölkə növbəti iki-üç ay ərzində prezident seçkilərini keçirməyə hazır olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Zelenski deyib ki, o, hazırda parlament üzvlərinin və xarici tərəfdaşların təkliflərini gözləyir. Onların təqdimatından sonra seçkilərin keçirilməsinə tam hazır olduğunu qeyd edib.
“Bu məsələni ABŞ prezidenti gündəmə gətirdiyi üçün qısa cavab verirəm, mən seçkilərə hazıram. Hətta ABŞ-dən və Avropadakı tərəfdaşlarımızdan seçkilərin təhlükəsizliyini təmin etmək üçün yardım istəyirəm. Əgər bu təmin olunsa, növbəti 60–90 gün ərzində Ukrayna seçkilərə hazır olacaq”, - Zelenski vurğulayıb.
Prezident həmçinin Ukraynanın təqdim etməyi planlaşdırdığı üç sənəd üzrə detallar açıqlayıb.
Onun sözlərinə görə, birinci sənəd 20 bənddən ibarət çərçivə sənədidir və situasiyaya uyğun olaraq daim yenilənir. İkinci sənəd təhlükəsizlik təminatları ilə bağlıdır, üçüncü sənəd isə Ukraynanın bərpasını əhatə edir.