AZ

Avropa Komissiyası Polşada ilk atom elektrik stansiyasının inşası üçün subsidiyaları təsdiqləyib

Berlin, 10 dekabr, AZƏRTAC

Avropa Komissiyası Polşada ilk atom elektrik stansiyasının inşası üçün ayrılan milyardlarla avro həcmində dövlət subsidiyalarını təsdiqləyib.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Polşa hökuməti dəyəri 42 milyard avro olan Lubiatovo–Kopalino layihəsinin 30 faizini dövlət hesabına maliyyələşdirəcək. Layihə üzrə maliyyələşmənin təmin olunması üçün hökumətin kreditlərə zəmanət verməsi də nəzərdə tutulur.

Stansiyanın əsas podratçısı kimi ABŞ-ın “Uestinqhaus” şirkəti seçilib. Tikinti işlərinə 2026-cı ildə başlanılacaq.

Üç reaktordan ibarət və ümumi gücü 3750 meqavat olan stansiyanın 2033-cü ildə şəbəkəyə qoşulacağı bildirilir. Layihə Baltik dənizi sahilinə yaxın ərazidə, Almaniyanın Qrayfsvald şəhərindən təxminən 300 kilometr şərqdə yerləşir. Almaniyanın nüvə energetikasından imtina etdiyi bir dövrdə Polşanın bu qərarı ölkənin enerji balansında kömürdən asılılığın azalmasına yönəlib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
39
1
azertag.az

2Mənbələr