Paris, 10 dekabr, AZƏRTAC
“Əyilməz Fransa” (la France İnsoumise-LFI) qrupunun rəhbəri Matild Pano diskriminasiyanın narahatlıq doğuran səviyyəyə çatdığını bildirib və siyasi qüvvələri məsuliyyətə çağırıb.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında çıxış edən Matild Pano ölkədə müsəlmanlara qarşı ayrı-seçkiliyin və stiqmatizasiyanın getdikcə artdığını vurğulayaraq, siyasi qüvvələri bu təhlükəli tendensiyaya qarşı ciddi addımlar atmağa çağırıb. LFI (La France insoumise) qrupunun rəhbəri xüsusilə müsəlman qadınların hədəf alınmasının artıq sistematik hala gəldiyini bildirib.
“Bu gərginlik artmaqda davam edir və dərhal dayanmalıdır”,-ndeyə həftəlik mətbuat konfransı zamanı Pano Fransada ümumi atmosferin narahatedici şəkildə dəyişdiyini qeyd edib. “Ölkədəki mühiti diqqətlə izləyirik və son həftələrdə müsəlman həmvətənlərimizin, xüsusən də müsəlman qadınların getdikcə daha çox stiqmatizasiya olunmasından ciddi şəkildə narahatıq. Bu, mütləq dayanmalıdır”,-deyə o, əlavə edib.
O, “Défenseure des Droits” tərəfindən dərc edilmiş son məlumatlara istinad edərək xatırladıb ki, müsəlman və ya müsəlman kimi qəbul edilən insanların üçdə biri diskriminasiya ilə üzləşir. Deputatın sözlərinə görə, bu rəqəmlər Fransa kimi bir ölkə üçün qəbuledilməzdir.
Matild Pano açıqlamasında partiyasının bütün növ irqçilik və ayrı-seçkiliklə mübarizə aparmaqda qərarlı olduğunu vurğulayıb. “Biz irqinə, dininə, cinsinə görə hədəf alınan hər kəsin yanında olacağıq. Tarix qarşısında utanan biz olmayacağıq. Digər siyasi qüvvələrə isə deyirik: səviyyəni yüksəldin”,-deyə M. Pano qurbanların yanında olduqlarını deyib.
Bu mesaj, ölkədə müsəlmanlara qarşı artan təzyiq barədə müzakirələrin fonunda xüsusi rezonans doğurub.
Son illər antimüsəlman hücumlarının artması dövlət qurumlarını, QHT-ləri, eləcə də siyasi partiyaları ciddi şəkildə narahat edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə 2025-ci ilin ilk beş ayında 145 antimüsəlman aktı qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, 75 faizlik artım deməkdir.
CCIE-nin (Avropa İslamofobiya ilə Mübarizə Kollektivi) statistikasına görə, 2024-cü ildə 1037 islamofob fakt qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 25 faizdən çox artım deməkdir.
“Défenseure des Droits” təşkilatının 2024-cü il hesabatı da narahatedici bir mənzərə ortaya qoyub. Müsəlman və ya müsəlman kimi qəbul edilən şəxslərin təxminən 1/3-i həyatlarının müxtəlif sahələrində - işdə, dövlət xidməti orqanlarında, mənzil axtarışında diskriminasiya yaşadıqlarını deyib. Zərərçəkənlərin yalnız 25 faizindən azı hüquqlarını qorumaq üçün rəsmi prosedurlara müraciət edir.
Hesabatda dünyəvilik prinsipinin səhv şərh olunduğu, çox zaman dini azadlıqlara müdaxilə üçün bəhanə kimi istifadə edildiyi vurğulanır.
Fransada müsəlmanlara qarşı artan təzyiq, islamofobiya ətrafında müzakirələrin siyasiləşdirilməsi və parlamentdə bu məsələ ilə bağlı yaradılmış komissiya vəziyyəti daha da gərginləşdirir. Solçu partiyalar bu komissiyanın stiqmatizasiya yaratdığını bildirir, sağçı və mərkəzdən olan partiyalar isə “respublika dəyərlərinin müdafiəsi” arqumenti ilə onu dəstəkləyir.
Mathilde Panonun çıxışı bu qarşıdurmanın yeni mərhələsinə işarə edir. O, həm rəsmi statistikanın, həm də ictimai atmosferin ölkənin dərin sosial parçalanmaya doğru irəlilədiyini göstərdiyini bildirir. Eyni zamanda, dünyəviliyin mahiyyəti ilə bağlı ictimai anlaşılmazlıq dini azadlıqlara qarşı alətə çevrilir.
Matild Pano tərəfindən səsləndirilən xəbərdarlıq Fransa cəmiyyətində artan gərginlik və diskriminasiya təhlükəsinin siyasi gündəmin mərkəzinə keçdiyini göstərir. Rəqəmlər və rəsmi hesabatlar isə onun narahatlığının subyektiv deyil, struktur problemə söykəndiyini təsdiqləyir.
Fransada sosial həmrəyliyin və dini azadlıqların qorunması üçün atılacaq addımlar artıq təkcə siyasi məsələ deyil ölkənin demokratik gələcəyi üçün həlledici sınaqdır.