AZ

“QHT-lərin maliyyə dayanıqlığı yoxdur və özəl sektorla əməkdaşlıq sıfır səviyyəsindədir” - Təşkilat sədri

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun III panelində Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Məleykə Əlizadə çıxış edərək vətəndaş cəmiyyətinin əsas problemləri və mövcud əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Məleykə Əlizadə bildirib ki, QHT-lərin ən ciddi problemi maliyyə dayanıqlığının olmamasıdır. Onun sözlərinə görə, əvvəlki illərdə beynəlxalq təşkilatların verdiyi qrantlar həm ölkə daxilində, həm də ölkə xaricində vətəndaş cəmiyyəti üçün əsas maliyyə mənbələrindən biri idi, lakin hazırda bu imkanlar əhəmiyyətli dərəcədə məhdudlaşıb:

"Dövlət qurumlarından ayrılan vəsait də sektorun ehtiyaclarını qarşılamır. Dövlət büdcəsindən ayrılan maliyyə bütün QHT-lərin - təxminən 4000 təşkilatın - ehtiyacını qarşılamaq üçün kifayət etmir. Buna görə təşkilatların institusional dayanıqlığı ciddi risk altındadır”.

Məleykə Əlizadə çıxışında özəl sektorla əməkdaşlığın demək olar ki, sıfır səviyyəsində olmasını da əsas problemlərdən biri kimi qeyd edib və tədbirdə iştirak edən özəl sektor nümayəndələrinə təşəkkürünü bildirib:

“Artıq özəl sektor da anlayır ki, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq vacibdir. Könüllü və sosial təşəbbüslərin güclənməsi üçün bu əməkdaşlıq qaçılmazdır. Təşkilat reproduktiv sağlamlıq sahəsində illərdir fəaliyyət göstərir, geniş tədqiqatlar aparıb, siyasət sənədləri və dövlətə təkliflər hazırlayıb. Bu sahədə səhiyyə qurumları ilə böyük əməkdaşlıq potensialımız var. Təhsil sahəsində də insan amilinin formalaşdırılmasında böyük rol oynayırıq”.

O, həmçinin təhsil sahəsində dövlət–özəl əməkdaşlığının artmasını müsbət hal kimi qiymətləndirib, xüsusilə Təhsilin İnkişafı Fondu və özəl sektor tərəfindən dəstəklənən “Mayan” kimi təqaüd proqramlarının vacibliyini vurğulayıb.

Sonda Məleykə Əlizadə QHT-lərin və özəl sektorun əlaqələrinin gücləndirilməsi üçün əsas təkliflərindən birini səsləndirib:

“Biz burada danışdığımız məsələlər çox vaxt elə bu otelin divarları arasında qalır. Hər bir təşkilatın strateji planına və Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsinə bu məsələlər inteqrasiya edilməlidir ki, nəticə real olsun”.

 

Pərvanə Fərhadqızı

 

Seçilən
120
qht.az

1Mənbələr