AZ

Azərbaycdan böyük layihələrin icrasında iştirak edən “Uni Ko” şirkəti cərimələnib

BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycanda iri dövlət və özəl layihələrin həyata keçirilməsində iştirak edən “Uni Ko” QSC tikinti şirkəti valyuta tənzimi qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf xəbər verir ki, şirkət xaricə avans olaraq köçürülən vəsait hesabına alınmalı olan malları ölkəyə idxal etmədiyi və iki il ərzində pulu geri qaytarmadığı üçün cərimə olunub.

Şirkət ölkədən xaricə 19 min 180 dollar məbləğində vəsait köçürüb. Lakin müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq, həmin məbləğ müqabilində alınan mallar ölkəyə gətirilməyib.

Məlumata görə, bu hərəkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozur. Qanunvericiliyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində mal idxal edilmədikdə və ya xidmət göstərilmədikdə həmin vəsaitin ölkəyə geri qaytarılması vacibdir. Bu öhdəlik yerinə yetirilmədikdə, hüquqi şəxslər valyuta məbləğinin 20%-dən 30%-dək cərimə edilir.

Məhkəmənin qərarı ilə “Uni Ko” QSC-yə 19 min 180 dolların 20%-i, yəni 3 836 dollar məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, 2007-ci ildə qeydiyyatdan keçmiş və qanuni təmsilçisi Elçin Axundov olan “Uni Ko” QSC ölkənin ən iri tikinti layihələrinin həyata keçirilməsində iştirak edib və bir çoxunda baş podratçı kimi çıxış edib.

Şirkət Heydər Əliyev Mərkəzi, Su İdmanı Sarayı, “British Petroleum” ofis binası, Dövlət Neft Fondunun inzibati binası, “Bona Dea” Beynəlxalq Xəstəxanası, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı tədris korpusu, Bakı Avropa Liseyinin yeni binası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası, Ağdam şəhəri 1 saylı məktəb, ADA İbtidai Məktəb Kampusu, Ağdam Xəstəxanası, İxtisaslaşdırılmış Tibb Müəssisəsi, Füzuli Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi, Füzuli Xəstəxanası, “Hilton Garden Inn Hotel” və başqa layihələrin icrasında iştirak edib.

QSC adı çəkilən layihələrdə mebel, inventar, fasad, avadanlıqla təchizat və tamamlama işlərini də icra edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr