
Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, İtaliyada jurnalistlərin suallarını cavablayarkən deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna hökumətinin “öz kreslosundan yapışdığına” və guya buna görə müharibənin bitmədiyinə dair iddialar “tamamilə qeyri-adekvatdır”. Ukrayna lideri vurğulayıb ki, səsvermə yalnız ölkə vətəndaşlarının təhlükəsizliyinə təminat verilməklə keçirilə bilər:
“Seçkilərin keçirilməsi ilə bağlı iki məsələ var. Təhlükəsizlik - bunu hücum altında, raketlər altında necə etmək olar. İkincisi, seçkilərin keçirilməsinin legitimliyi üçün qanunvericilik bazasıdır”.
Ukrayna prezidenti açıq şəkildə ABŞ və onun avropalı tərəfdaşlarından səsvermənin keçirilməsi üçün şərait yaratmağı xahiş edib:
“Mən seçkilərə hazıram. Üstəlik, mən ABŞ-dən, ola bilsin, avropalı həmkarlarımızla birlikdə seçkilərin təhlükəsizliyini təmin etməyi xahiş edirəm. Bundan sonra 60-90 gün ərzində Ukrayna onları keçirməyə hazır olacaq”.
Zelenski həmçinin Ukrayna deputatlarını hərbi vəziyyət dövründə seçkilər haqqında qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlamağa çağırıb:
“Mən sabah Ukraynada olacağam, tərəfdaşlardan və parlament üzvlərindən təkliflər gözləyəcəyəm və seçkilərə getməyə hazıram”.
Qeyd edək ki, Ukrayna qanunlarına görə, hərbi vəziyyət dövründə seçkilər, o cümlədən prezident seçkiləri keçirilə bilməz.
Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevralında Rusiya qoşunlarının genişmiqyaslı işğalından sonra tətbiq edilib. Mütəmadi olaraq uzadılır.