AZ

İran Azərbaycana söz verdi - "3-cü tərəflərə imkan verməyəcəyik"


Məcid Cavid Araz: "Rejimin ruporu olan fars mediası Azərbaycan əleyhinə yazılarla dolub-daşır"

İranın xarici işlər naziri Abbas Əraqçının Bakıda verdiyi açıqlamalar ilk baxışdan iki ölkə arasında münasibətlərin yumşalmasına və əməkdaşlığın genişlənməsinə dair nikbin mesaj kimi görünür.

O, İran-Azərbaycan əlaqələrinin inkişafının Tehran üçün prioritet olduğunu bildirib və münasibətləri pozmağa çalışan “üçüncü tərəflərə” imkan verilməyəcəyini vurğulayıb. Lakin bu bəyanatlar regiondakı son proseslər fonunda daha çox ritorik xarakter daşıyır və bunu Tehran hakimiyyətinin real siyasi xəttində fundamental dəyişiklik kimi qiymətləndirməyə tələsmək doğru olmaz. Bunun səbəbi rəsmi Tehranın açıqlamaları ilə onun media və ideoloji strukturlarının davranışı arasında dərin və sistemli ziddiyyətlərin mövcud olmasıdır.

Son aylarda İranın bəzi əyalət mollalarının, siyasətçilərinin və dini liderlərinin Azərbaycan əleyhinə səsləndirdikləri sərt bəyanatlar hələ də yaddaşlardadır. Bununla paralel olaraq farsdilli media seqmentində Azərbaycan dövlətçiliyinə, Azərbaycan-Türkiyə strateji ittifaqına və regional proseslərdə Bakı-Ankara əməkdaşlığının güclənməsinə qarşı aqressiv məqalələr, təhlillər və manipulyativ yazılar davam edir. Əgər İran rəsmi xəttinin dəyişdiyini və münasibətlərin normallaşmasını hədəflədiyini iddia edirsə, bu, ideoloji və informasiya mühitində də öz əksini tapmalı idi. Lakin mövcud mənzərə bunun əksini göstərir.

Bir məsələ də var ki, hazırda İranda hakimiyyət iki yerə parçalanıb: prezident və komandası islahatçı mövqedən, ali dini lider, SEPAH, onlara bağlı dindar cameə və media isə mühafizəkar mövqedən çıxış edir. Azərbaycanı hədəfə alan hakimiyyətin mühafizəkar, cəmiyyət tərəfindən pislənilən qanadıdır.

İranla bağlı məsələləri yaxından izləyən ekspert Məcid Cavid Arazın fikirləri də bu ziddiyyətlərin mahiyyətini aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, “İran İslam Respublikasının Azərbaycan dövlətinə və dövlətçiliyinə münasibəti heç vaxt yaxşı olmayıb. Çünki bu rejimin əsasında paniranist və fars millətçiliyi olduğuna görə onlar hər zaman çalışıblar ki, Azərbaycan dövlətçiliyini zəiflətsinlər və öz nəzarətlərində saxlasınlar.” Ekspertin vurğuladığı kimi, bu yanaşma müvəqqəti deyil, İranın dövlət ideologiyasının ayrılmaz hissəsidir və bu çərçivədə Tehran zaman-zaman siyasi situasiyadan asılı olaraq taktiki dəyişikliklər etsə də, strateji xətt dəyişmir.

Bu ziddiyyətlər İranın regiondakı yeni geosiyasi şərtlərə uyğunlaşmaq üçün zaman qazanmaq istədiyini göstərir. Son illər Tehranın həm Qərblə, həm İsraillə, həm də bəzi ərəb dövlətləri ilə münasibətlərində gərginlik artıb. Eyni zamanda, Cənubi Qafqazda güc balansı dəyişib: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həm regional, həm də beynəlxalq siyasətdə çəkisini artırıb. Türk Dövlətləri Təşkilatı daha funksional formata keçib və Türk dünyasının siyasi koordinasiyası güclənib. Bütün bunlar İran üçün yeni reallıqlar yaradır və Tehran üçün münasibətlərin kəskinləşməsi artıq əvvəlki dövrlərdən fərqli olaraq daha yüksək risqlər daşıyır.

Məcid Cavid Araz da bu məqamı xüsusi olaraq qeyd edir: “Tehran hakimiyyəti öz mövqeləri zəiflədiyi üçün Quzey Azərbaycanın güclü mövqeyini, Türk dünyasının gücləndiyini görüb ondan yararlanmaq niyyətindədir. Hazırda İran Amerika və İsrail qarşısında zəif mövqeyə düşüb. Ona görə də Azərbaycanla münasibətləri normallaşdırmaqla istəyir ki, bəzi məsələlərdə özünü sığortalasın”.

Ekspertin yanaşmasına görə, İranın indiki diplomatik jestləri səmimi dəyişiklik deyil, daha çox çətin geosiyasi vəziyyətdən çıxmaq üçün vaxt qazanma və risqləri minimuma endirmə cəhdidir. Onun fikrincə, “Rejimin ruporu olan fars mediası Azərbaycan əleyhinə olan yazılarla dolub-daşır. Bu səbəbdən də mən hesab edirəm ki, bu münasibət səmimi deyil və sadəcə rejim çətin vəziyyətdə və zəif mövqedə qaldığına görə belə açıqlamalar verir. İran rejimi bu çətin vəziyyətdən çıxarsa yenə əvvəlki nizamına qayıdacaq”.

Bütün bu arqumentlər Tehran tərəfindən verilən rəsmi bəyanatların Azərbaycan üçün ehtiyatla qarşılanmalı olduğunu göstərir. İranın sözləri ilə hərəkətləri arasında müşahidə edilən uyğunsuzluq hələlik real siyasətdə fundamental dəyişikliyin baş vermədiyini ortaya qoyur. Əgər Tehran doğrudan da qarşılıqlı hörmətə və konstruktiv münasibətlərə yönəlirsə, bunu yalnız diplomatik ritorika deyil, konkret addımlar təsdiqləməlidir. Birinci və ən real addım isə anti-Azərbaycan təbliğatının dayandırılması, əyalət mollalarının təxribatçı çıxışlarının qarşısının alınması və informasiya mühitində nifrət ritorikasına son qoyulması ola bilərdi. Hələlik belə addımların müşahidə olunmaması rəsmi açıqlamaların yalnız situativ siyasi jestlər olduğunu deməyə əsas verir.

Beləliklə, İran-Azərbaycan münasibətlərində hazırkı vəziyyət ehtiyatlı optimizm deyil, daha çox praqmatik və soyuqqanlı yanaşma tələb edir. Real dəyişikliklər yalnız Tehran öz davranış modelini praktik olaraq dəyişdikdə mümkün ola bilər. Hər iki ölkə üçün regionda sabitlik vacib olsa da, mövcud reallıqlar göstərir ki, münasibətlərin gələcəyi barəsində yekun nəticə çıxarmaq üçün hələ kifayət qədər əsas yoxdur.

Akif NƏSİRLİ

Seçilən
7
baki-xeber.com

1Mənbələr