Bakı, 9 dekabr, AZƏRTAC
“Bakı Beynəlxalq Film Festivalında artıq dördüncü dəfə iştirak edirəm. Hətta ötən illərdə münsiflər heyətinin üzvü kimi də festivala qatılmışam. Həmçinin, Azərbaycan və Türkiyənin ortaq istehsalı olan iki filmi ərsəyə gətirmişik. Bunlar rejissor Hilal Baydarovun “Balıqlara xütbə” və rejissor Türkan Hüseynin “Ölü Həsən” filmləridir”.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli prodüser Emre Akkılıç deyib.
O, bildirib ki, Azərbaycan - Türkiyə kino əməkdaşlığı son illər xüsusilə intensiv inkişaf edir: “Birlikdə həyata keçirdiyimiz layihələr uğurlu nəticələr verib və bu, yeni ortaq filmlərin yaranmasına stimul yaradır. Bakı Beynəlxalq Film Festivalı isə həm sənət adamlarının bir araya gəlməsi, həm də yeni tərəfdaşlıqların qurulması üçün mühüm platformadır”.