Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçirilib.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, kino ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib. O, layihəyə marağın ildən-ilə artdığını bildirib: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Tədbirdə iki film nümayiş olunub.