Vaşinqton, 10 dekabr, AZƏRTAC
Vaşinqtondakı Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində diplomatik missiyaları və müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirən 12-ci illik “Winternational” səfirlik sərgisi keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi, ABŞ-ın Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evi və “Baku Caviar” brendinin birgə təşkilatçılığı ilə Azərbaycan pavilyonu sərgidə geniş şəkildə təqdim olunub. Pavilyonda milli mətbəximizə aid nümunələr, ənənəvi milli geyimlər, ölkəmizə məxsus xalçalar, suvenirlər, ölkəmiz haqqında məlumat kitabçaları, eləcə də Azərbaycanın müxtəlif bölgələrini əks etdirən nəşrlər sərgi iştirakçılarına nümayiş etdirilib.
Hər il dekabr ayında təşkil olunan sərgidə Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ABŞ və xarici media nümayəndələri, yerli ictimaiyyət üzvləri və Azərbaycan icmasının nümayəndələri də daxil olmaqla 10000-ə yaxın qonaq iştirak edib.
Vaşinqtonda akkreditə olunmuş 70-dən çox səfirliyin təqdim etdiyi mədəniyyət nümunələri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir səfirlər üçün keçirilən rəsmi qəbul ilə başlayıb və daha sonra açılış mərasimi baş tutub. Proqramın bədii hissəsində Azərbaycanın “Arşın mal alan” və “Üzüm” rəqsləri nümayiş etdirilib.
Mer Muriyel Bauzer 9 dekabr 2025-ci il tarixini Vaşinqton şəhərində “Winternational Günü” kimi elan edib.
Sərgi iştirakçıları Azərbaycan pavilyonuna xüsusi maraq göstərərək ölkəmizin zəngin mədəni irsi və ənənələri ilə yaxından tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton