ain.az, Bizimyol saytına istinadən bildirir.
Son vaxtlar bəzi ölkələr həftədə 4 günlük iş rejiminə keçiblər və bu məsələ əmək qanunvericiliyi ilə təsbit edilib. 4 günlük iş həftəsi modeli Azərbaycanda mümkünlüyü və həyata keçirilməsi maraq doğurur. Xüsusilə ictimaiyyətə maraqlıdır, yeni ilin yaxınlaşması fonunda “Yanvardan etibarən ölkədə belə bir sistem tətbiq oluna bilərmi?Dünyada bəzi ölkələrdə sınaqdan keçirilən və uğur qazanan 4 günlük iş həftəsi modeli Azərbaycan əmək bazarına və iqtisadi sisteminə nə dərəcədə uyğundur?Bu modelin ölkəmizdə tətbiqi real görünürmü?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, bu model daha çox inkişaf etmiş ölkələrdə tətbiq olunur.
Əkrəm Həsənov
“Yanvardan 4 günlük iş həftəsinə keçid, əlbəttə ki, mümkün deyil. Əgər belə bir fikir planlaşdırılsaydı, öncədən qanun qəbul edilməli idi. Hazırda isə nəinki qəbul olunmuş qanun, hətta ortada qanun layihəsi belə yoxdur.
İkincisi, Azərbaycan kimi bir ölkədə bu sistemə keçid real görünmür. Bu model daha çox inkişaf etmiş ölkələrdə tətbiq olunur. Həmin ölkələrdə işçi yükü nisbətən az, işin effektivliyi isə yüksək olur. Həmçinin, işçilərin sosial hüquqlarına xüsusi önəm verilir.
Azərbaycanda isə vəziyyət tam əksinədir. Təkcə 5 günlük yox, hətta 6 və ya daha çox işləyən insanlar var. Bir çox işçi həftədə 40 saatdan artıq işləyir. Bunun əsas səbəbi isə iqtisadi ehtiyacların çox, gəlirlərin az olmasıdır.
Azərbaycan iqtisadiyyatı inkişaf etmiş iqtisadiyyat sayılmır. İşçi qüvvəsi son illər əvvəlki qədər ucuz olmasa da, işsizlik səbəbindən ucuzlaşma tendensiyası müşahidə olunur. Belə bir şəraitdə 4 günlük iş həftəsi mexanizminin ölkəmizdə tətbiqi real görünmür”-deyə Əkrəm Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.