Qulaqlıqla yatmaq bir çox insan üçün rahatladıcı görünə bilər, lakin mütəxəssislər bu vərdişin gözləniləndən daha çox sağlamlıq riski daşıdığını bildirirlər.
E-saglam.az xəbər verir ki, son illərdə bu davranışın populyarlaşmasına baxmayaraq, həkimlər qulaqlıqla yatmağın həm eşitmə, həm də ümumi təhlükəsizlik baxımından ciddi problemlər yaratdığını vurğulayırlar.
Mütəxəssislərin sözlərinə görə, qulaqlıqla yatan insanların ətraf mühit səslərinə qarşı həssaslığı azalır. Bu isə yanğın və ya oğurluq siqnalizasiyası kimi həyati xəbərdarlıqları eşitməmək riskini artırır. Simli qulaqlıqlardan istifadə isə yuxu zamanı şnurun boyun ətrafında dolaşması təhlükəsini yaradır.
Həkimlər əlavə edirlər ki, uzun müddət yüksək səs dinləmək eşitmə itkisinə səbəb ola bilər. Qulaqlığın qulağa göstərdiyi davamlı təzyiq qan dövranını pozur və dəri toxumasına zərər verə bilər. Qulaq kanalında yığılan nəmlik bakteriya çoxalmasını sürətləndirir və infeksiya riskini artırır. Qulaqlıqdan uzun müddət istifadə qulaq kirinin yığılmasına və tıxanmalara da səbəb ola bilər.
Ekspertlər daha təhlükəsiz alternativ kimi yatarkən musiqi və ya səsləri aşağı səviyyədə xarici dinamikdən dinləməyi tövsiyə edirlər. Bundan əlavə, sağlam yuxu üçün müntəzəm yuxu rejimi, axşam kofeindən uzaq durmaq, otağı sərin və qaranlıq saxlamaq və yatmazdan əvvəl nəfəs və ya meditasiya məşqləri etmək məsləhət görülür.
Mütəxəssislər bildirirlər ki, qulaqlıqla yatmaq uzun müddətdə yuxu keyfiyyətini aşağı sala və narahatlığı artıra bilər. Bu səbəbdən bədənin təbii şəkildə yuxuya keçməsinə şərait yaratmaq ən sağlam yanaşmadır.
Tərcümə: Könül Oruc
E-saglam.az