ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Son illərdə sosial şəbəkələr uşaqlar üçün həm məlumat, həm də əyləncə mənbəyi olsa da, bəzi ölkələrdə bu platformalardan istifadə qanunla yasaqlanır. Məsələn, Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələr uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq edir. Bu ölkələrdə yaşı 16-dan az olan uşaqların sosial platformalara girişi ya tamamilə, ya da ki, qismən məhdudlaşdırılır. Bir sıra Avropa ölkələrində, məsələn, Belçikada 13 yaşın altındakılar üçün sosial media hesabı açmağa valideyn icazəsi tələb olunur. Fransada 2023-cü ildə qəbul edilmiş qanunla 15 yaşdan kiçik uşaqların sosial şəbəkəyə girişində valideyn razılığı tələb olunur. Həmçinin bəzi ABŞ əyalətlərində, məsələn, Texasda ( və digər ştatlar) azyaşlıların sosial mediadan istifadəsinə sərt tənzimləmələr qoyulması yönündə qanun layihələri hazırlanır və müzakirə olunur.
Azərbaycanda isə belə bir hüquqi məhdudiyyət mövcud deyil və nəticədə uşaqlar rəqəmsal dünyada özlərini potensial risklərə məruz qoyurlar. Təəssüf ki, bu risklər bəzən faciəvi hadisələrlə nəticələnir. Nümunə olaraq, bu yaxınlarda Bakıda məktəblinin ani və müəmmalı ölümünü göstərmək olar. Atasının sözlərinə görə, Kəmalə gecə saatlarında gizli şəkildə telefonunda qorxulu və mistik məzmunlu videolara baxırmış.
Hadisənin ən diqqətçəkən tərəfi isə aparılan ilkin araşdırmalar zamanı üzə çıxıb. Kəmalənin mobil telefonunda dünyada bir çox yeniyetmənin ölümünə səbəb olduğu iddia edilən "Mavi Balina" oyununun izlərinə rast gəlinib. Bu oyun sosial şəbəkələr vasitəsilə uşaqlara psixoloji təzyiq göstərir, onları özlərinə zərər verməyə, ailədən uzaqlaşmağa və son mərhələdə intihara sürükləyir. Məlumata görə, Kəmalə aldığı son mesajda isə "Bu gün son günündür" sözlərini görüb. Hadisə bir daha sübut edir ki, yeniyetmələr rəqəmsal mühitdə təhlükəli və psixoloji olaraq təsirli məzmuna məruz qalırlar və zamanında müdaxilə olunmadıqda nəticələr faciəvi ola bilir. Bu vəziyyət ölkəmizdə uşaqların sosial şəbəkələrdə istifadəsinə nəzarətin zəruriliyini bir daha açıq şəkildə ortaya qoyur.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamsında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, sosial şəbəkələrin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var:

“Xüsusilə 16 yaşına qədər uşaqlar üçün mənfi tərəfləri açıq şəkildə görünməkdədir. Hamısını deməzdim, amma bəzən uşaqlar ya təhlükəli oyuna qurşanır, sonra canlarına qıyırlar, ya bütün gün oyun və ya sadəcə əyləncəli videolara baxmaqla ümumi zehni və fiziki inkişafdan qalırlar. Bu isə sonradan onların sosiallaşmasına, cəmiyyətdə öz yerini tutmasına çətinliklər törədir. Bunu bu gün dünyada dərk edirlər və məsələnin nizamlanması üçün ayrı-ayrı ölkələrdə artıq hüquqi normativlər qoyulur. İndi görünür ki, o təcrübəni öyrənməyə və tədricən Azərbaycanda tətbiq etməyə ehtiyac var. Çünki valideynlərin bir çoxu uşaqların sosial şəbəkələrə həddən artıq bağlı olduqlarını, məktəb proqramları ilə az maraqlandıqlarını qeyd edirlər. Amma bunun necə ediləcəyinin mexanizmini də xaricdən öyrənmək lazımdır. Çünki istər-istəməz telefon və ya komputer uşaqların əlinə keçir. Bəs necə edək ki, onlar həmin proqramlara girməsin? İlk növbədə hesab edirəm ki, valideynlər maarifləndirilməlidirlər. Onlara bu məhdudiyyətlərin vacibliyi izah edilməli və uşaqlara sosial şəbəkələrə bağlılıqdan uzaq durmağın yolu öyrədilməlidir. Yoxsa uşağı sakitləşdirmək üçün və ya özlərinə sərbəst vaxt qazanmaq üçün onları oyun proqramlarına qoşduqda hansısa bir qanuna artıq ehtiyac qalmır. Ümumən götürdükdə, bu mürəkkəb bir prosesdir və həm xarici, həm milli təcrübəmiz bunun nizama salınmasında çox böyük rol oynamalıdır”.
Hüquqşünas Ramil Süleymanov Bakupost.az -a açıqlamasında qeyd edib ki, qonşu ölkələrdə bununla bağlı təcrübə mövcuddur. Bir sıra inkişaf etmiş ölkələrdə sırf uşaqların təhlükəsizliyi üçün onların sosial şəbəkələrə girişi məhdudlaşdırılıb, hətta qadağan olunub:

“Bizim ölkədə bununla bağlı hər hansı qadağanedici norma yoxdur. Hesab edirəm ki, bununla bağlı qadağanedici normalar mütləq şəkildə olmalıdır və yetkinlik yaşına çatmış şəxslərin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılmamaq şərtilə, yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsi və valideynlərin buna diqqət etməməsi halında inzibati məsuliyyət müəyyən olunmalıdır. Eyni zamanda bildirmək istəyirəm ki, “Mavi Balina” və digər bu tip oyunların ölkə ərazisində qadağan olunması üçün hüquqi və texniki baza mövcud olmalıdır”.
Mövzu ilə bağlı Bakupost.az -a danışan sosioloq Naib Niftəliyev bildirib ki, ümumiyyətlə, uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsi xüsusi nəzarət altında olmalıdır. Avropa ölkələrində bununla bağlı qəbul olunan bəzi məhdudiyyətlər anlaşılan və başadüşüləndir:

“Təbii ki, uşaqların azadlığı sivil, inkişaf etmiş ölkələrdə hüquqlarının xüsusi bir hissəsi kimi önə çəkilir. Digər tərəfdən isə onların yaş məhdudiyyəti, hələ inkişafda olmaları, müxtəlif təsirlər altına tez düşə bilmə ehtimalı, eləcə də düşüncə və fikir baxımından inkişaf səviyyələrinin hələ kifayət qədər formalaşmaması nəzərə alınaraq müəyyən məhdudiyyətlər və qapalı şəbəkə metodları tətbiq olunur. Onlara sosial şəbəkələrdən yalnız müəyyən saatlarda istifadə etməyə icazə vermək olar. İnternetdən faydalanmaları, texnologiyaları bilmələri faydalıdır, lakin bununla yanaşı məhdudiyyətlər və bəzi qadağalar da vacibdir. Onlara xüsusi planşetlərin ayrılması, bəzi saytlara qadağa qoyulması, uşaq şəbəkələrinin daxili qapalı şəbəkə həddinə gətirilməsi çox önəmli faktorlardandır. İnternet və intranet xəttli şəbəkələrin bir-birindən ayrılması xüsusi əhəmiyyət daşıyır. Müəyyən şəbəkələr var ki, məhdud bir çevrəni əhatə edir. Mməktəbdə uşaqlar üçün müəyyən planşet və kompüterlər iş vasitəsi kimi ayrılarkən bu qaydalara riayət olunmalıdır. Düzdür, prinsipcə bunlar tətbiq olunur. Amma digər tərəfdən, bu tətbiqlərlə yanaşı, bir çox hallarda valideynlər uşaqlarına ağıllı smartfonları oyun və müxtəlif vasitələrdən istifadə üçün təqdim edirlər. Nəzarət olsa da, uşaqlar bəzən bu nəzarəti aşaraq öz həvəsləri və maraqları çərçivəsində yanlış oyunları və qaydaları seçə bilirlər.16 yaş həddi ilə bağlı məhdudiyyət Azərbaycanda da var. Qanunvericilikdə 11-12 yaş, 13-14 yaş, 16 yaşa qədər olan kateqoriyalarla bağlı müəyyən müddəalar nəzərə alınır. Yəni bu yaş bölgüsü bəlli faktorlardandır. Amma deyək ki, 13 yaşlı yeniyetmənin “Mavi Balina” oyununun təsiri altında intihar etməsi faktoru Azərbaycanda birinci deyil. Buna bənzər digər bir neçə faktoru da xatırlamaq və sadalamaq mümkündür. Hətta Avropanın əhali sayına görə ən böyük ölkəsi olan Almaniyada bu kimi faktların daha çox olduğunu nümunə gətirə bilərik. Mən xatırlayıram ki, orada müəyyən kompüterə daxil olaraq oyun rejimi quran və öz qurduğu reallıqla, yəni kompüter texnologiyası ilə hansısa böyük bir şəhərin yeraltı gizli keçid sistemini kəşf edən və həmin ərazidə axtarışa gedərək yoxa çıxan bir şəxs barədə silsilə məqalələr yazılırdı. Bu hadisə illər əvvəl olub. Amma bu kimi nümunələr getdikcə çoxalır və bunun qarşısının alınması üçün psixoloji tərbiyə, iradi keyfiyyətlərin düzgün formalaşması, uşağın şəxsiyyət kimi yetişdirilməsi baxımından addımlar atılmalıdır".
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında psixoloq İlahə Məmmədova qeyd edib ki, sosial şəbəkələrin təsiri altında ailəsi və yaxınlarını itirmək qorxusu kimi duyğular uşağın psixikasında ağır yük yarada və onu çıxılmazlıq hissinə sala bilər:
"Bəzən uşaqlar belə düşünür ki, mən özümü və bütün problemlərimi götürüb uzaqlaşsam, heç kimə bir zərər dəyməz. Həyatına qıyan yeniyetmə qızın çəkdiyi şəkillərdən birini mən də gördüm. Hətta 8-9 yaşında uşaqların da bu cür şəkillər çəkdiyinin şahidi olmuşam. Onların hər birində bu, kənardan gələn qorxu demək deyil. Ailə üzvləri arasında səs-küylü, həyəcanlı hallar olanda da uşaqlar bu cür şəkillər çəkir. O zaman uşaqların təşvişi ilə bağlı seanslar aparırıq, onları şüuraltındakı təşvişin səbəblərindən uzaqlaşdırırıq və ailəsinə uşağın qorxularını aradan qaldırmaq üçün daha rahat mühit yaratmağı tövsiyə edirik.
Gənc qızın intiharında telefonlar və sosial şəbəkələrin rolu varmı? Bəli, deyə bilərik. Çünki sosial şəbəkə uşaqların şüuraltısına sızmaq üçün çox əlverişli vasitədir. Sosial şəbəkələrdə hər yaşın duyğularını və psixologiyasını nəzərə alaraq müxtəlif oyunlar və tətbiqlər yerləşdirilir. “Mavi Balina” oyunu isə xüsusi təhlükəli oyunlardan biridir”.
İ.Məmmədova bildirib ki, bu gün telefonlar artıq həyat tərzimizin bir hissəsi olduğu üçün uşaqları telefondan tam uzaq tutmaq artıq mümkün deyil:
“Bəziləri dərs və ev tapşırıqlarının izlənilməsi üçün telefondan istifadə edir, bəziləri isə dərsdən çıxanda əlaqə saxlamaq üçün uşağa telefon verir. Telefon istifadəsini tam məhdudlaşdırmaq mümkünsüzdür, amma istifadə zamanı müəyyən məhdudiyyətlər qoyulması vacibdir. Çünki sosial şəbəkələrdə uşaqlar öz yaşlarına uyğun olmayan davranışlar görə bilirlər - açıq-saçıq geyimlər, tanınmaq və fenomen olmaq istəyi və s. Bu kimi nümunələr yeniyetməlik dövründə yanlış model ola bilər və uşaqlar nəyin doğru, nəyin yanlış olduğunu ayırd edə bilmədikləri yaşda olduqlarından bu yanaşmalar travma yarada, onları yanlış istiqamətdə inkişaf etdirə, şüuraltına ciddi təsir göstərə bilər".
Beləliklə, mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdən istifadəyə məhdudiyətlərlə yanaşı, izahat və düzgün tənzimləmə işləri də vacibdir. Çünki total kütləvi nəzarət mexanizmini həyata keçirmək heç də asan deyil. Ona görə də məhdudiyyət və cəzalardan daha çox, sosial təsir, sosial maarifləndirmə və əks-şəbəkələşmə, yəni uşaqların bədii, elmi-kütləvi və s. proqram və mövzulara cəlb olunması mexanizmləri işə salınmalıdır.
Lalə, BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.