Azərbaycan-Slovakiya münasibətlərini spesifik edən cəhətlər - DEPUTAT
"Son zamanlarda Azərbaycan xarici siyasətində nəzərəçarpan aktivlik nümayiş olunur. Cənab Prezident İlham Əliyevin gündəlik iş qrafikinə nəzər yetirmək kifayətdir ki, bunun əyani şahidi olasan. Dünyanın müxtəlif regionları ilə qurulan əlaqələr, iqtisadi layihələrin inkişaf etdirilməsi baxımından atılan ardıcıl addımlar, keçirilən görüşlər, qurulan yeni əməkdaşlıq formatlarının hər biri Azərbaycan xalqının milli maraqlarının təmin olunmasına hesablanıb".
Bu sözləri mətbuata açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Slovakiya ilə qurulan münasibətlər xarici siyasətimizdə spesifikdir:
“O baxımdan ki, sözügedən ölkə ilə qurulan münasibətlər həm Azərbaycanın bu ölkə ilə, həm də Avrupa İttifaqı ilə münasibətlərinin müəyyənləşdirilməsi baxımından önəmə malikdir.
Azərbaycan Slovakiya ilə əlaqələrini o istiqamətdə qurub ki, bu əlaqələr Avropa İttifaqı üçün də göstərici olmalıdır ki, ümumi hədəflərə çatmaq yolunda atılan addımlara paralel olaraq milli maraqlar da qoruna bilər ki, öz növbəsində Azərbaycan da bu amildə qətiyyətli və prinsipialdır. Slovakiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi sahədə uğurla inkişaf edirsə, bu amil həm Slovakiyanın yerləşdiyi region, həm də bizim region üçün sabitlik vəd edir, nümunəvi bir model formalaşdırır. Məhz elə bu məqamda vurğulanmalıdır ki, illər ərzində Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinə əlavə olaraq bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin beşinci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinak iştirak etdi. Bu fakt bir daha ona gətirib çıxartmalıdır ki, Slovakiya nümunəsini, yanaşmasını əsas götürüərək digər tərəflər də eyni addımlar atmalıdır. Buna görədir ki, cənab Prezident İlham Əliyev dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri zamanı slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu amilə xüsusi yer verdi və Hərbi paradda iştirak etdiyinə görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını bildirdi. Eyni zamanda, müharibə səhifəsinin bağlanması fikrimizin bir daha ölkə başımız tərəfindən ifadə olunması da digər aktarların gözünü açmalı, yanaşmalarını dəyişdirməlidir. Bu xüsusda, dövlətimizin başçısı Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə edərək əlavə etdi ki, “Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.
Səfər Slovakiya-Azərbaycanda yeni səhifənin açılması qədər, Avropa İttifaqı-Azərbaycan münasibətlərini də daha müsbət meyillərə kökləmək baxımından əlavə dəstəkdir.
Slovakiyada, Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlayan Slovakiya Prezident Peter Pelleqrinin sözlərinə dəvətin qəbul edilməsinə görə təşəkkürlə başlaması, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfərini reallaşdırdığına ilkin olaraq toxunması ali qonağın şəxsinə duyulan hörmətdən, Azərbaycanla münasibətlərə verilən dəyərdən irəli gəlir. Bunun ardınca dərhal Pelleqrinin iki ölkə arasında qarşılıqlı maraq məsələsini qabartması da siyasi baxımından düşünülmüş ritorikadır ki, hər iki tərəf strateji tərəfdaşlıq qurmaqda, inkişaf etdirməkdə əzm göstərir. Həm təkbətək, həm də geniş formatda aparılan müzakirələr göstərir ki, siyasi gündəlik genişdir. İki ölkə arasında münasibətlər qurularkən liderlər arasında olan münasibətlər də son dərəcə mühümdür. Məhz bu məqamı gözümüz axtararkən qulaqlarımız dərhal Pelleqrinin sözləri ilə doldu ki, çoxsaylı dünya liderləri kimi Slovakiya Prezidenti də cənab İlham Əliyevə etimad göstərir, Pelleqrini indiyə kimi tərəflər arasında keçirilən görüşləri son dərəcə səmimi və açıq deyə xarakterizə edir ki, deməli, münasibətlər proqnozlaşdırıla biləndir. İndiki dünya reallığında bu amil hər şeydən vacibdir.
Azərbaycan Cənubi Qafqazda etimad göstərilən aktordur. Slovakiya da bunu qəbul etməklə bərabər, həm də ölkəmizi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. İqtisadiyyatımızın regionda ən böyük iqtisadiyyat olduğu reallığına kəm baxmaq istəyən qüvvələrin mövcudluğu və kölgə salmaq cəhdlləri fonunda bu inkarolunmaz reallıq Slovakiya Prezidenti tərəfindən də dilə gətirildi. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməyimiz, zəngin enerji resurslarına malik olmağımız bir yana, əsas olan bu reallığın düzgün dəyərləndirilməsi, hesablamaların dəqiq aparılmasıdır ki, Azərbaycan buna müvəffəq olduğundan Slovakiya ticarət dövriyyəmizin artması istiqamətində istifadə edilməmiş potensialı üzə çıxarmaq istəyir.
Münasibətlərimizin əsas xarakterini də, irəliyə doğru aparılmasını da müəyyən edən sənəd 2024-cü ilin ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri zamanı imzalanan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Slovakiya Prezidentinin nitqindən o da məlum oldu ki, Slovakiya Azərbaycanla əlaqələri, əməkdaşlığı dərinləşdirməkdə, intensivləşdirməkdə maraqlıdır. Burada qarşılıqlı maraq, mübadilə məsələsi də artıq formalaşdırılıb.
Azərbaycanın Slovakiyada aparıcı rolu enerji təchizatının şaxələndirilməsi ilə müəyyənləşdirilibsə ki, bu yolda Slovakiya ölkəmizi uzunvədəli strateji tərəfdaş görmək istəyir. Qarşılığında isə Slovakiya öz müdafiə sənayesini mühüm sahə kimi təklif edir. Ənənəvi silah satışından əlavə müştərək layihələrin icrası da təklif edilir ki, birgə istehsalat nəticəsində
əldə edilən məhsuallar üçüncü tərəflərə satılsın. O da məlum oldu ki, cənab Kalinakın səfəri zamanı avtomatik artilleriya sistemlərinin alışı ilə bağlı müəyyən ilkin danışıqlar da artıq bir sonraki etapa doğru baş tutub. Bu məsələyə münasibətdə Azərbaycan Prezidentinin yanaşmasının ortaya qoyulması məqamında oldu. Sulh gündəliyinin aktiv fazasında bu, olduqca düşünülmüş addım, düzgün seçilən ritorika idi ki, müdafiə sahəsində əməkdaşlığa sənayenin inkişafı baxımından yanaşırıq. Müharibə bitib, məqsəd sadəcə sinergiyanın yaradılmasıdır ki, Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarlarına çıxarıla bilsin. Texnoloji inkişafın da fərqli bir sahəsi kimi mövcud amil tərəflərə böyük faydalar vəd edir və bu istiqamətdə konkret layihələr üzərində çalışılır.
Cənab Prezident İlham Əliyev mətbuat konfransı zamanı bir daha diqqətə çatdırdı ki, 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir. Azərbaycanın potensialı kifayət edir ki, Slovakiya ehtiyac duyduğu həcmdə Azərbaycanın enerji resursları ilə təmin edilə bilsin.
Boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi kimi birinci yerdə qərarlaşan və ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsində olan Azərbaycan qaz resursunu artıq 14 ölkəyə çatdırıb. Avropa İttifaqının 8 üzv ölkəsinə, qitənin isə yarı ölkəsinə qaz nəql edirik.
Qarabağın bərpası Azərbaycan üçün mühüm və həssas məsələdir. Odur ki, Slovak şirkətinin Qarabağ bölgəsində “ağıllı kənd” inşa etməsi Slovakiyanın mövqeyini daha aydın edir və bu da münasibətlərə müsbət impuls verir. Slovak Prezidenti həm də ixrac-idxal bankının da müxtəlif layihələri maliyyələşdirməyə hazır olduğunu bildirdi.
Cənab Prezident İlham Əliyevin Slovakiyanın müstəqil xarici siyasət yürütməsini bildirməsi də xüsusi önəm kəsb edən amildir ki, bəzi məqamlarda buna görə də çətinliklərlə üzləşən Slovakiya bu dəst-xəttdən dönmür ki, sözügedən amil üzrə də Slovakiyaya və onun rəhbərliyinə büyük hörmətimiz bir daha ifadə olundu.
Bütün bu məsələlər Azərbaycana duyulan etimad, illərlə cənab Prezident İlham Əliyevin Azərbaycanın etimad göstərilməli tərəf olduğunu dəfələrlə sübut etməsinin nəticəsidir. Bunu Pelliqrinin nitqinin sonunda sübut edən məsələ Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşların açıla biləcəyi ilə bağlı fikirlərin səsləndirilməsidir. Deməli, münasibətlərin dövlətlərin səviyyəsində qalmaması, cəmiyyətlər səviyyəsinə ötürülməsi üçün səmimi istək mövcuddur.
Cənab Prezident İlham Əliyev bildirdi ki, Slovakiya ilə Azərbaycan arasında genişləndirilən mövcud sahələr, inkişaf etdirilməsi isə planlaşdırılan bütün istiqamətlər üzrə müştərək komandalarımız fəal işləyir, birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir.
Bir sözlə, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafında hər iki tərəf olduqca maraqlıdır. Cənab Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfərindən sonra Slovakiya Prezidenti Peter Pelliqrinin də ölkəmizə rəsmi səfərə dəvət edilməsi münasibətlərin daha da dərinləşəcəyini deməyə əsas verir”