
Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
“Tərəflər “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Müqavilə” layihəsinin təsdiqini müzakirə ediblər. Ermənistanın baş naziri və Almaniya prezidenti Cənubi Qafqazda sülh və sabitliyin rifahı naminə sazişin imzalanmasının vacibliyini vurğulayıblar”, - bəyanatda deyilir.
Qeyd edək ki, Paşinyan bu gün Berlinə gedib. İrəvanın nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iqtisadiyyat naziri Gevorq Papoyan daxildir.
Ermənistanın baş nazirinin həmçinin Hamburqa səfəri və burada yerli iş adamları ilə görüşməsi planlaşdırılır.