“Ümumilikdə, Azərbaycanda sertifikasiya prosesinin başladığı dövrdən etibarən siniflərdə 10 000-dən çox saxta diplomla çalışan müəllim mövcud olub. Sertifikasiya imtahanları sayəsində onların bir hissəsi artıq təhsil sistemindən kənarlaşdırılıb. Maraqlıdır ki, ibtidai təhsilin təməlini qoyan müəllimlərin böyük qismini vaxtilə regionlardakı texnikumları bitirmiş ibtidai sinif müəllimləri təşkil edirdi. Onlara əlavə möhlət verilməsinə baxmayaraq, bu kateqoriyadan olan müəllimlərin əksəriyyəti ikinci imtahandan da keçə bilmədi və nəticədə sistemdən uzaqlaşdırıldı. Düşünmürəm ki, bu proses müəllim qıtlığına səbəb olacaq. Birincisi, bu hallar istisnadır; ikincisi, son illərdə müəllimlik ixtisası kifayət qədər populyarlaşıb. Bunun əsas səbəblərindən biri müəllimlərin əməkhaqlarının artması və sertifikasiyadan uğurla keçən müəllimlərə maaşa əlavə 35 faiz mükafatın verilməsidir. Bu tendensiya müəllimlik peşəsinə marağı nəzərəçarpacaq dərəcədə artırıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində təxminən 8 min müəllimin fəaliyyətinə peşə uyğunluğu olmadığı üçün xitam verilib. Onların 5 500-dən çoxu yuxarı sinif, 1 000-dən çoxu isə ibtidai təhsil müəllimləridir. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, dilin tədrisi ilə bağlı müxtəlif yaş qruplarının öyrənmə xüsusiyyətlərini nəzərə alan, onların hansı üsullarla daha effektiv şəkildə öyrəndiyini müəyyən edən tədqiqatlar kifayət qədər aparılmayıb. “Hansı çalışmalarla uşağın daha çox öyrəndiyi sualı dərindən tədqiq olunmur”, — deyə o əlavə edib. E. Əmrullayevin sözlərinə görə, Azərbaycan dili və ədəbiyyat ixtisasını seçənlərin sayında son illər artım müşahidə olunur: “Son illərdə 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim prioritetimiz müəllimlik ixtisasına qəbul balını artırmaqla daha savadlı kadrların hazırlanmasına imkan yaratmaqdır”.
Ekspert bildirib ki, yüksək bal toplayan abituriyentlərin nə qədərinin müəllimlik ixtisasına həqiqi maraq göstərdiyini dəqiq müəyyənləşdirmək çətindir.