
İranın yüksək rütbəli nüvə rəsmisi Beynəlxalq Atom Enerjisi Agentliyini (MAAE) ölkənin nüvə proqramına qarşı qərəzli və siyasiləşdirilmiş mövqe nümayiş etdirməkdə ittiham edib.
AFN.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvənd bildirib ki, hazırkı durum çox mürəkkəb vəziyyət yaradıb:
"İran Agentliklə əməkdaşlıq edir, lakin MAQATE İran əleyhinə edilən hücumu qınamadı. Hətta Avropa və ABŞ da son qətnamədə obyektlərimizə qarşı aqressiyanı qeyd etmədilər" - deyə Kamalvənd qeyd edib.
Rəsmi vurğulayıb ki, əsas problem MAQATE-nin texniki və peşəkar yanaşma əvəzinə siyasi mövqe tutmasıdır.
Kamalvəndin sözlərinə görə, təşkilatla mövcud zəmanətlər sazişi hərbi dövrün şərtlərinə uyğun hazırlanmayıb: "Sənəd ABŞ–İsrail təzyiqləri fonunda İranın qarşılaşdığı təhlükələrə cavab vermir, buna görə də yenidən nəzərdən keçirilməlidir".
İran rəsmisi əlavə edib ki, nüvə proqramının dinc istiqamətdən yayınmamasını təmin etmək üçün müxtəlif mexanizmlər mövcuddur və Tehran bu məqsədlə MAAE ilə yeni çərçivələr razılaşmağa hazırdır.