Avropa Şurasının sədri Antonio Kosta ABŞ Prezidenti Donald Trampın Aİ-nin Ukrayna ilə bağlı mövqeyini tənqid etməsinə münasibət bildirib və Trampı Avropa ölkələrinin daxili siyasətinə müdaxilə etməməyə çağırıb.
Editor.az xəbər verir ki, o, bunu Sky News-a açıqlamasında deyib.
Kostanın sözlərinə görə, tərəfdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır: “Biz ABŞ-ın müttəfiqiyik və müttəfiqlər müttəfiq kimi davranmalıdır. Bu isə o deməkdir ki, ölkələrimizin daxili siyasi proseslərinə qarışmamalıyıq. Biz amerikalıların seçimlərinə hörmət edirik, onlar da bizim vətəndaşlarımızın demokratik iradəsinə hörmət etməlidirlər”.
Qeyd edək ki, Donald Tramp “Politico”ya müsahibəsində Avropanı yalnız Ukrayna haqqında danışmaqda, lakin Moskva–Kiyev münaqişəsinin həlli üçün real addımlar atmamaqda günahlandırmışdı.
Bundan əlavə, Tramp Avropada heç bir düşməninin olmadığını desə də, bir sıra yerli liderlərin “iş üçün yararsız” olduğunu iddia edib. ABŞ Prezidentinin sözlərinə görə, bəzi avropalı həmkarları “zəifdir” və tez-tez nə etdiklərini anlamırlar.
//Gülnarə Abasova, Editor.az