AZ

Masallıda Fridrix Şillerin “Məkr və Məhəbbət” əsəri səhnələşdirildi » AzadMedia.az


9 dekabr 2025-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzi klassik alman dramaturgiyasının ən parlaq nümunələrindən biri olan Fridrix Şillerin “Məkr və Məhəbbət” əsərinin tamaşasına ev sahibliyi edib. Tamaşa Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının aktyor heyəti tərəfindən nümayiş olunub.


Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparat əməkdaşları, hüquq-mühafizə qurumlarının rəhbərləri, müxtəlif dövlət və özəl müəssisələrin nümayəndələri, ictimaiyyət üzvləri və şəhər sakinləri iştirak ediblər.

Şillerin məşhur əsəri cəmiyyətdəki sosial ziddiyyətlər fonunda iki gəncin — zadəgan mənşəli Ferdinand və sadə musiqiçinin qızı Luizanın çətinliklərlə dolu, faciə ilə nəticələnən məhəbbət tarixindən bəhs edir. Tamaşa hakimiyyət münasibətləri, intriqalar, fərdi azadlıq və insan ləyaqətinin tapdanması kimi mövzuların incə dramaturji dillə təqdimatı ilə seçilib. Eyni zamanda əsərin dialoqları, emosional səhnələri və hadisələrin gərgin axını tamaşaçılara güclü təsir bağışlayıb.

Tamaşanın sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lənkəran Dövlət Dram Teatrının direktoru — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova başda olmaqla teatr kollektivinə təsirli təqdimata görə təşəkkürünü bildirib.

Laləzar Hüseynova da çıxış edərək Masallıda tamaşanın nümayişi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Seçilən
10
azadmedia.az

1Mənbələr