AZ

Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR – Nazirin görüşündən sonra…

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib.
NOCOMMENT.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.
“ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”,- deyə nazir qeyd edib.
Bəs, Azərbaycan–ABŞ arasında Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolu ətrafında başlayan müzakirələr regionda güc balansını dəyişə bilərmi və bu proses Rusiyanın və İranın Cənubi Qafqazdakı mövqelərinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı NOCOMMENT.aza danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, son günlər Azərbaycan–ABŞ arasında Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolu ətrafında başlayan müzakirələr regionda yeni geosiyasi mərhələnin anonsu kimi qiymətləndirilir: “Bu prosesin təkcə iki ölkə arasında əməkdaşlıqdan ibarət olmadığı, bütövlükdə Cənubi Qafqazda uzun illərdir formalaşmış güc balansına təsir edəcəyi artıq şübhə doğurmur. Zəngəzur dəhlizinin açılması ilk növbədə bölgəyə yeni nəfəs gətirəcək. Onilliklərdir münaqişələr, blokadalar və qapalı sərhədlər fonunda inkişafdan geri qalan Cənubi Qafqaz üçün bu dəhliz real iqtisadi imkanlar, geniş ticarət əlaqələri və ən əsası uzunmüddətli sülh üçün əsas yarada bilər. Azərbaycan üçün isə məsələ daha dərindir: bu dəhliz ölkənin əsas hissəsi ilə Naxçıvan arasında tarixi ədalətsizliyə son qoyacaq, daxili coğrafi birliyi tam bərpa edəcək”.
Əsədlinin sözlərinə görə, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti bununla bitmir. Bu layihə Azərbaycanı Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərindən birinə çevirmək potensialına malikdir: “Orta Dəhlizin mühüm halqasına çevrilən Zəngəzur xətti Avropadan Asiyaya uzanan iqtisadi əlaqələri daha qısa, daha təhlükəsiz və daha səmərəli edə bilər. Məhz bu reallıq ABŞ-ın məsələyə ən yüksək siyasi səviyyədə yanaşmasının əsas səbəblərindən biridir. Vaşinqtonun prosesə açıq dəstəyi regionda illərdir öz təsir dairəsini qorumağa çalışan bəzi oyunçuların manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Xüsusilə İranın mövqeyi bu baxımdan diqqət çəkir. Tehran Zəngəzur dəhlizi ilə bağlı narahatlığını vaxtilə sərt bəyanatlarla ifadə etsə də, bu gün reallıq başqadır. ABŞ faktorunun prosesə birbaşa daxil olması İranı geri çəkilməyə məcbur edib. Mövcud daxili və xarici problemlər fonunda İranın bu layihəyə qarşı real addımlar atmaq gücü yoxdur. Böyük ehtimalla, məsələ bəzi rəsmi və ya qeyri-rəsmi şəxslərin sözlü bəyanatları ilə məhdudlaşacaq”.
Şərhçi qeyd edir ki, Rusiya üçün vəziyyət daha mürəkkəb, amma eyni zamanda daha praqmatikdir: “Moskva Cənubi Qafqazda mövqelərinin zəiflədiyini anlayır və bu prosesi tamamilə əngəlləməyin mümkün olmadığını görür. Üstəlik, Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, ümumilikdə Şərq–Qərb iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Bu isə Rusiyanın da dolayısı ilə istifadə edə biləcəyi yeni iqtisadi imkanlar deməkdir. Ona görə də Moskvanın bu məsələdə ciddi problem yaradacağı inandırıcı görünmür. Əslində, Zəngəzur dəhlizi ətrafında baş verənlər Cənubi Qafqaz üçün yeni reallığın formalaşdığını göstərir. Region artıq tədricən geosiyasi qarşıdurma zonası olmaqdan çıxıb geoiqtisadi əməkdaşlıq məkanına çevrilmək mərhələsinə qədəm qoyur. Bu dönüş isə Azərbaycanın artan siyasi və diplomatik çəkisinin, eləcə də düzgün qurulmuş balans siyasətinin nəticəsidir. Zəngəzur dəhlizinin açılması təkcə bir nəqliyyat layihəsi deyil. Bu, Cənubi Qafqazda uzun illərdir davam edən qeyri-sabitliyin yerini davamlı sülhə, qapalı sərhədlərin yerini açıq iqtisadi əlaqələrə verə biləcək strateji prosesdir. Və görünən odur ki, bu proses artık geriyə dönüşü olmayan mərhələyə daxil olub”.
Seçilən
25
nocomment.az

1Mənbələr