Bir necə gün əvvəl paytaxtda yerləşən yeraltı keçiddəki eskalatorda qəza verdiyi, hadisə zamanı 3 nəfərin xəsarət aldığı bildirilir. Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar iddia edir ki, paytaxt ərazisində mövcud olan eskalatorların əksəriyyti ya işləmir, ya da belə problemlər meydana çıxır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət 5 gün bundan əvvəl paytaxtın Yasamal rayonunda, İncəsənət Gimnaziyasının qarşısındakı yeraltı keçiddəki eskalatorda baş verən hadisədən gedir.
Zərərçəkmişlrdən biri başından yaralanıb, 3 tikiş qoyulub, digərinin sol ayağı sınıb, diz oynağı zədələnib.
Yaralılardan birinin oğlu Rəşad Məmmədaov “Xəzər Xəbər”ə açıqlamasında xəsarət alan qadınlardan birinin onun 79 yaşlı anası, digəri isə 72 yaşlı xalası olduğunu deyib. O qeyd edib ki, xalasına başın açıq yarası, anasına isə sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozu təyin edilib. O, hadisənin eskalatorun yuxarı qalxdığı an baş verddiyini iddia eddib. Deyib ki, qəflətən eskalator dayanıb və yenidən hərəkətə keçib, bu hal bir neçə dəfə təkrarlandıqda isə piyadalar yıxılıb.
Hadisədən sonra xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib. Hazırda anasının ayağa qalxa bilmədiyini deyən Rəşad Məmmədov qeyd edib ki, ötən müddət ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərfindən nə maddi, nə də mənəvi yardım edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfində araşdırma aparılır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 4-ü baş vermiş hadisədə eskalatorda hər hansı qırılma, sınma hadisəsi qeydə alınmayıb. Orada yalnız yağıntılı hava şəraiti ilə əlaqədar sensor işə düşüb və sürahi, yəni tutacaq dayanıb. Bu an həmin tutacaqdan tutan vətəndaş müvazinətini itirərək digər vətəndaşlara dəyib. Nəticədə də belə bir xoşagəlməz hadisə baş verib. Amma eskalator işlək vəziyyətdədir. Sadəcə olaraq eskalatorun fəaliyyəti hadisə ilə əlaqədar müvəqqəti dayandırılıb. Eskalatorun pilləkən hissəsi tam işlək vəziyyətdədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.