Asimmetrik sintez kimya elminin müasir variantı olaraq dəyərləndirilir. Bu yeni elmi istiqamət Kimya kimi əsaslı elmi daha da şaxələndirmişdir. Azərbaycan kimyaçıları arasında professor Eldar Məmmədbəyli bu sahədə digər alimlərdən fərqli və fərli şəkildə əzmi ilə seçilmiş, apardığı elmi tədqiqatları ilə məxsusi diqqət çəkmiş, hörmət qazanmışdır. Burada bir qədər də irəli gedib onu Asimmetrik sintez məktəbinin yaradıcısı olaraq vurğulamaq mümkündür.
O, elmlər namizədliyi-indiki fəlsəfə doktorluğu dissertasiyasını Moskvada müdafiə etmiş və keçmiş ittifaq alimləri tərəfindən layiqincə qiymətləndirilmişdir. Rusiya Federasiyası alimləri Eldar Məmmədbəylini on illərdir ki, Üzvi kimya və neft kimyası üzrə ünlü mütəxəssis olaraq ehtiramla qəbul edirlər.
Eldar Məmmədbəylinin tədqiqatlar apardığı elmi sahədə ona qədər Azərbaycan alimləri olduqca az məşğul olmuşlar. Təbiidir ki, bu baxımdan məlum elmi sahə respublikada digər elmi istiqamətlər nisbətində tanınmamışdır. Tanınmamışlıq görünür həm də onunla bağlıdır ki, orta və ali məktəblərdə də onun tədrisi yoxdur.
Məhz bu “az”ın və “yox”un axarında belə bir elmi yola diqqət yetirmək alimdən əzmkar yolçuluq tələb edir. Məsələ bir də onunla heyranlıq dolu təəccüb yaradır ki, alim yalnız araşdırmalar aparıb nəticələr almayıb, həm də elmdə özünəxas yeni bir yol açıb - Eldar Məmmədbəyli yolu.
Elm yolçusu Eldar Məmmədbəyli, eyni zamanda yoldaş Eldar Məmmədbəylidir. Bu yoldaşlığı həm Sovet quruluşunu görmüş-yaşamış yoldaşlıqdır, həm də yaxınmı-uzaqmı 70-ci illlərin əvvəlindən başlamış kommunist alim yoldaşlığıdır. Kollektiv, dost, yoldaş yoldaşlığında da məxsusidir, diqqətçəkəndır.
Onun bir yoldaşlığı da bəlkə də bütün yoldaşlıqlarından üstün olan ömür-gün yoldaşlığıdır. Hə, bax burada da görk olunası cizgilərə sahibdir. Sədaqətli ərdir, adına and içilən atadır, nəvələri üçün əsli-nəcabəti, soyu-adı-soyadı olan babadır.
Eldar Məmmədbəylinin ictimai, lap elə siyasi müstəvidə də yoldaşlığı örnəkdir. O, həqiqətin yoldaşıdır. Bu yolçuluqda nə olur-olsun, həqiqət nə iləsə əvəz olunmur. Çünki nüvəsində mental dəyər, milli baxış və dövlətə bağlılıq üzdədir. O, əsil vətənkeş və torpaqdaşdır. Və bütün bunları təkcə duyğularıyla deyil, həm də varlığıyla yaşayır-yaşadır.
Haqlıya dərs olan, bu nurani kişi, haqsıza qarşı tərsdir, bir mübariz haqsevərdir. Özü də haqqsevərliyi təkcə amalında deyil, əməlində də yaşatmaqdadır.
Beləliklə hər məqamında, məramında səmimidir, sadədir, xoşruhdur Eldar Məmmədbəyli. Ən əsası könül adamıdır.
“Sarıtel” aşıq havasının aşiqidir Eldar Məmmədbəyli. Özü “sarı sim” duyğuludur deyəmi “Sarıtel”ə aşıqdir o?! Həm də alimin kamil musiqi duyumuna heyran olmamaq olmur...
Aşiqliyindən söz düşmüşkən. Saf-sağ-saz olan nə yoxdur ki, Eldar Məmmədbəyli ona bağlanmasın. Əslində onun bu sayaq bağlılığında da elmvari incəliklər müşahidə olunmaqdadır. Nə olsun ki, aşiqliyin nə fəlsəfə doktorluğu var, nə elmlər doktorluğu.
Yenə gəlirəm Eldar Məmmədbəylinin elmlər doktorluğuna. O, elmlər doktoru kimi sözün öz mənasında elminin də doktorudur. Axı bu doktorluq dünyanın öncül elm xadimlərinin yaxşı tanıdığı, istinad etdiyi doktorluqdur. Demək o, bu məqamda da seçiləndir, nümunədir. Və bu keyfiyyətlər özlüyündə hünər deməkdir.
Adam kimi adamdır, adidən adi. Alidən ali olaraq isə insanlıq pilləsindədir. Ənginliklərə sahib mənəvi zənginlikləri olan insandır. Susanda diqqətlə dinləməyi bacardığı kimi, danışanda da dinləyəni heyrətləndirən ziyalıdır. Hüdudsuz intelektə malik bilgi ünvanıdır. Dərindən desəm sıradan biri deyildir Eldar Məmmədbəyli.
Eldar müəllim, Eldar doktor (ona, ta əvvəllər əczaçı işlədiyinə görə bəzən bu yanaşımla da müraciət edirlər) kimi daha çox tanınsa da elmin alim ucalığı ilə seçilməkdədir. Bax, bax bu ucalığı dünyaca məşhur əcnəbi alimlər, ABŞ, Yaponiya, Fransa, Rusiya Federasiyası, Norveç və s. ölkələrin alimləri onun yetkin tədqiqatlarını qiymətləndirməkdədir.
Amma nədənsə Azərbaycan elmi mühiti onu olduğu qədərincə dəyərləndirməyib. Bəli, əfsuslar ki, biz Eldar Məmmədbəylini dəyərləndirilməli olduğu kimi deyil, məhz dərin tanıya bilmədiyimiz qədər dəyərləndiririk.
Görünür, “əcnəbilər göydə balonlarda gəzdiyi” halda bizlər yerdə belə özümüzü tanıya bilmirik. Ya da tanımağa təpərli deyilik...
Beləliklə, özündən çox elmiylə tanınmışdır Eldar Məmmədbəyli. Bəlkə də belə desəm daha yerinə düşər: onu dünya Azərbaycandan yaxşı tanıyır. Baxmayaraq ki, mükəmməl elmi tapıntıları o illər axarında Azərbaycanda əldə etmişdir.
Dünyanın inkişafda olan xalqları-dövlətləri ona görə öndədirlər ki, kəsə desəm həssasdırlar. İnsana insanca yanaşırlar. Bu sırada onlar elm adamlarına xüsusilə diqqətdardırlar. Axı alimlər çoxluğun içərisində aşkar seçilirlər. Və elmin vətəni olmasa da vətən həm də alimə görə tanınır, sayılır, qiymətləndirilir. Orada dil və din önəmli deyil, önəmli olan alim kimliyidir.
Eldar Məmmədbəyli haqqında tez-tez bu sözlər deyilir: o, həyatını elmə həsr etmiş əsl elm adamıdır, yenilikçi alimdir. Əməkdar elm xadimi olmasa da elmin əməkdar xadimidir, MEA üzvülüyündə olmasa da akademikliyə layiqdir.
Professor Eldar Məmmədbəylinin elmi qənaətlərinədünyaca məşhur K.Narasaka, Q.V.Kaqan (Nobel mükafatı laureatı), yapon K.Koqa və s. kimi dünyaca ünlü alimlər yüksək dəyər vermişlər. Azərbaycan elmi ictimaiyyəti üçün bir fəxrdir ki, onun elmi yeniliklərinə dünyanın bir sıra ölkəsində istinad edirlər, nümunə göstərirlər.
O, hələ keçmiş SSRİ dövründən 12 müəlliflik şəhadətnaməsinin sahibidir ki, bunların da 10-u Asimmetrik sintez və bioloji aktiv maddələrin sintezi barədədir. Onun indiyədək 680 elmi əsəri, onlardan 100-dən çoxu isə xarici ölkələrdə çap olunmuşdur, 5-i Azərbaycan patenti, 5-i monoqrafiyadır.
Eldar müəllimin rəhbərliyi ilə doqquz fəlsəfə doktoru və üç elmlər doktoru dissertasiyası işi müdafiə olunmuşdur.Əmək fəaliyyətinin son beş ili müddətində 170-dən çox elmi əsəri dərc olunmuşdur.
Dövlətə də bağlı olan professor zaman-zaman müxtəlif təltiflərə layiq görülmüşdür. Bununla belə onun üçün ən sağlam təltif, ən gözəl tərif elminə qoyulan qiymətdir.
Böyük elmi məktəb keçib, illərini araşdırmalara, tədqiqatlara həsr edib və uğurlu nəticələr qazanıb Eldar Məmmədbəyli. Düşüncədə özü olub, laboratoriyada izi, elmi mühitdə sözü. Axı öz olmayanda söz də olmur, iz də qalmır. Eldar Məmmədbəyli həyatın bu klassik tezisini əməliylə, amalıyla sübut etməkdədir.
Etibar Nadiroğlu
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü