Zərdabda avtomobil aşması nəticəsində bir ailənin iki üzvü ölüb, 5 nəfər isə xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi Kürdəmir-Zərdab yolunun rayonun Şıxbağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Məftun Məmmədovun idarə etdiyi minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sürücünün atası, 59 yaşlı İntiqam Məmmədov və 2 yaşlı oğlu Tunar Məmmədov ölüb.
Qəza zamanı avtomobili idarə edən sürücü Məftun Məmmədov "muğam müsabiqəsi"nin iştirakçısı olub. O, əslən Zərdab rayonundan olsa da, Bakıda yaşayır və yaxınlarıgilə qonaq gəlibmiş.
Qəza nəticəsində xəsarət alanlar - müğənni Məftun Məmmədov, həyat yoldaşı Sona Məmmədova, anası Rəna Məmmədova, 8 yaşlı oğlu Uğur və 9 yaşlı oğlu İntiqam Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zərdab Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, səhər saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
8 və 9 yaşlı azyaşlıların vəziyyətləri stabil qiymətləndirilir, müalicələri təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri dəv təcili tibbi yardım şöbəsində davam etdirilir.
Ağcabədidə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 29 yaşlı Bahadur Xanlarov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək fərdi yaşayış evinin divarına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mükün olmayıb.
Göygöldə də yol qəzası ölümlə nəticələnib.
Gəncə şəhər sakini olan 16 yaşlı yeniyetmə, atasına məxsus avtomobillə Göygöldə qəza törədib. O, Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.