Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində “Səni Sən” Beyin Mərkəzinin direktoru Fəridə Quluzadə çıxış edərək insan kapitalının inkişafı, erkən yaşlardan formalaşan şəxsiyyət modeli və mədəniyyətin bu prosesdə rolu barədə fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, Fəridə Quluzadə bildirib ki, iki il əvvəl həkim-cərrah kimi fəaliyyət göstərsə də, hazırda “Səni Sən” Beyin Mərkəzinin MMC formasında təsisçisidir. Onun sözlərinə görə, mərkəz ilk gündən insanı gücləndirmək və ölkədə insan kapitalını inkişaf etdirmək məqsədi ilə yaradılıb:
"Rəqəmsallaşma artıq strategiyadır və əsas məsələ onu necə dəstəkləmək və düzgün inteqrasiya etməkdir. İnsan həm ən güclü, həm də ən həssas varlıqdır və insanı gücləndirmək prosesinə mütləq uşaqlıqdan başlamaq lazımdır. Bu məqsədlə “Səni Sən” tərəfindən Azərbaycan mühitinə uyğun, sıfırdan hazırlanmış şəxsi inkişaf və şəxsiyyət formalaşdırma proqramı yaradılıb. Proqram 3 ay ərzində uşaq bağçasında pilot layihə kimi tətbiq olunub və şəxsi maliyyə hesabına həyata keçirilib".
O bildirib ki, layihə artıq Təhsil Nazirliyinin qrant müsabiqəsindən keçib və 2025-ci ilin dekabr–2026-cı ilin avqust aylarını əhatə edən dövrdə 55 uşaq bu proqrama cəlb olunacaq:
"Proqramda uşaqlar və valideynlər güzəştli şərtlərlə iştirak edə biləcəklər. Mədəniyyət istiqamətində görülən işlərə də toxunmaq istərdim. İtaliyanın Kassino şəhərində Azərbaycan–İtaliya Mədəniyyət və Dostluq Mərkəzi yaradılıb. Son 6 ay ərzində bu mərkəzdə 14 sərgi keçirilib və sərgilərdə Azərbaycanın yaradıcı insanlarının – xalçaçılıq, təsviri incəsənət, keramika və digər sahələr üzrə əsərləri nümayiş olunub".
Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi Azərbaycan yaradıcılarının Avropada tanınması, onların əsərlərinin satış imkanlarının yaradılması və beləliklə iqtisadi rifahın formalaşmasına töhfə verməkdir.
Sonda Fəridə Quluzadə Gənc Mühasiblər İctimai Birliyinin 25 illik fəaliyyətini yüksək qiymətləndirərək Solmaz Əliyevanı təbrik edib və insan kapitalına yönələn təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.
Pərvanə Fərhadqızı