"Məkr və məhəbbət" Masallı səhnəsində
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi Fridrix Şillerin məşhur “Məkr və məhəbbət” əsəri əsasında hazırlanan tamaşa ilə Masallı rayonunda çıxış edib.
Klassik alman ədəbiyyatının tanınmış nümunəsi olan əsər Xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, eləcə də aktyorlar Miraslan Ağayev, Səyad Əliyev, Elçin Hacıyev, Saleh Əzimzadə, Məleykə Cəfərova, Gülər Kərimli, Ayşən Əsədova, Emil Rzayev və Teymur Hacızadənin iştirakı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təqdimatdan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov teatr kollektivinə və direktor, Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisti Laləzar Hüseynovaya uğurlu çıxışa görə təşəkkür edib. Laləzar Hüseynova da öz növbəsində yaradılan şərait üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor köməkçisi isə Nuranə Nəcəfovadır.
“Məkr və məhəbbət” alman romantizmi və “burjua faciəsi” janrının tanınmış nümunələrindən biridir. Əsərdə cəmiyyətin sərt qanunları ilə iki gəncin səmimi duyğuları arasındakı mübarizə təsvir olunur. Şiller bu hekayə vasitəsilə sosial ədalətsizliyi, riyakarlığı və insan azadlığının məhdudlaşdırılmasını kəskin şəkildə tənqid edir.
Akif AĞAYEV