AZ

Kəmaləddin Quliyev: "Süni intellekt alətdir, insanı əvəz edən ustalıq isə ondan düzgün istifadədir"

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində Kəpəz Hospitalın maliyyə direktoru Kəmaləddin Quliyev çıxış edərək süni intellekt, insan resursları və əmək bazarındakı real çağırışlar barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, o bildirib ki, süni intellekt həyatımıza sürətlə daxil olsa da, onu insanın əvəzi deyil, alət kimi qəbul etmək lazımdır:

"Süni intellekt insanı əvəz etmir, ondan düzgün istifadə etməyi bacaranlar digərlərini əvəz edir. Əmək bazarından real nümunə qeyd edim, bir vakansiya üzrə ilkin olaraq 70 namizəd seçilsə də, dövlət proqramı çərçivəsində təqdim olunan 304 namizəd arasından cəmi 4 nəfər uyğun hesab edilib. Bu, universitetlərin zəif kadr hazırlaması anlamına gəlmir, sadəcə universitetlərin ümumi baza verdiyini, bazar üçün isə əlavə praktiki bacarıqların vacib olduğunu göstərir".

Kəmaləddin Quliyev professor və müəllimlərin əməyinə hörmətlə yanaşılmasının vacibliyini qeyd edərək bildirib ki, qısa müddətli kursları universitet təhsili ilə eyniləşdirmək düzgün yanaşma deyil:

"Xüsusilə tibb sahəsində yüksək yumşaq bacarıqlara malik kadrların yetişdirilməsi vacibdir və bu prosesdə qeyri-hökumət təşkilatlarının böyük rol oynaya bilər".

Sonda Kəmaləddin Quliyev qeyd edib ki, dövlət–özəl–QHT tərəfdaşlığı gələcəkdə daha da dərinləşəcək və bu əməkdaşlıq cəmiyyət üçün daha böyük faydalar yaradacaq.

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr