Azərbaycanda qalın polietilen torbaların və bəzi plastik qabların istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik mövcud olduğu halda, bu məhsulların bazarlarda və mağazalarda açıq şəkildə satışı davam edir.
Üstəlik, son aylar bu məhsulların həm dövriyyəsi artıb, həm də qiymətlərində ciddi bahalaşma müşahidə olunur.
Bu vəziyyət cəmiyyətdə haqlı suallar yaradır: əgər qanunda qadağa varsa, bu məhsullar niyə hələ də satılır və qiymət artımı nədən qaynaqlanır?
Xatırladaq ki, Azərbaycanda plastik torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı qərara əsasən qalınlığı müəyyən normadan artıq olan polietilen torbalar ödənişli əsasla satılmalı, ekoloji cəhətdən zərərli plastik məhsulların istifadəsi isə mərhələli şəkildə azaldılmalıdır. Həmçinin qida ilə təmasda olan plastik qablarla bağlı sanitariya normaları tətbiq olunur və tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan plastiklərin istifadəsi qadağandır. Lakin reallıqda bazarda keyfiyyəti şübhəli plastik qablar, qalın polietilen torbalar və müxtəlif plastik taralar açıq şəkildə satılır.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirir ki, problemin kökündə əsasən nəzarət mexanizmlərinin zəifliyi dayanır.
Onun sözlərinə görə, qanunvericilikdə qadağa və məhdudiyyətlər olsa da, inzibati nəzarət real bazar şərtlərində yetərincə effektiv tətbiq edilmir:
“Plastik torba və qabların satışı qadağan deyil, lakin onların istehsalı, idxalı və satışı ciddi texniki və sanitar tələblərə uyğun olmalıdır. Bu tələblərə əməl edilmədikdə cərimələr nəzərdə tutulsa da, bir çox hallarda bu mexanizm işləmir və ya selektiv şəkildə tətbiq olunur. Nəticədə qanun kağız üzərində qalır, bazarda isə istənilən keyfiyyətdə plastik məhsul satıla bilir”.

NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə bahalaşmanı həm psixoloji, həm də texniki amillərlə izah edir.
Onun sözlərinə görə, plastik torbalar və qablar üzərində məhdudiyyətlərin tətbiqi bəzi sahibkarlar tərəfindən süni qiymət artımı üçün əsas kimi istifadə olunur:
“İdxal xərclərinin artması, xammalın bahalaşması və daşınma qiymətlərinin yüksəlməsi də son vaxtlar plastik məhsulların maya dəyərinə təsir göstərib. Alternativ qablaşdırma məhsulları bazarda kifayət qədər ucuz və əlçatan olmadığı üçün istehlakçılar yenə də plastikə yönəlir və bu da satıcıların qiymətləri rahat şəkildə artırmasına imkan yaradır”.
N.Cəfərlinin sözlərinə görə, plastik qab və torbaların satışının son dövrlər artmasının əsas səbəblərindən biri də əhalinin alıcılıq qabiliyyətinin zəifləməsidir:
“Şüşə, metal və kağız alternativləri plastiklə müqayisədə xeyli bahadır. Bu səbəbdən vətəndaşlar məcbur qalaraq yenə də ucuz və sağlamlıq baxımından riskli plastik məhsullara üstünlük verirlər”.
Qeyd edək ki, mütəxəssislər bu vəziyyətdən çıxış yolu kimi bir neçə əsas məsələni önə çəkirlər: bazarda ciddi və şəffaf nəzarətin təmin olunması, cərimə mexanizmlərinin real işlək hala gətirilməsi, alternativ ekoloji qabların istehsalının stimullaşdırılması və ən əsası, əhalinin maarifləndirilməsi.
Əks halda, qanunvericilikdəki qadağalara baxmayaraq plastik məhsulların həm satışı davam edəcək, həm də qiymət artımı sürətlənəcək.