AZ

Qətərdə ikinci Qlobal Süni İntellekt Sammiti işə başlayıb

Qahirə, 9 dekabr, AZƏRTAC

Bu gün Qətərdə ikinci Qlobal Süni İntellekt Sammiti işə başlayıb. “Süni intellektin gələcəyini birlikdə quraq” şüarı altında keçirilən tədbirdə süni intellekt və qabaqcıl texnologiyalar sahəsində yüksək vəzifəli rəsmilər, liderlər, ekspertlər və sahibkarlar geniş şəkildə iştirak edirlər.

AZƏRTAC QNA agentliyinə istinadla xəbər verir ki, İki gün davam edəcək sammit çərçivəsində bu gün ərəb dili üçün generativ süni intellekt modeli sayılan Fanar 2.0 platformasının yenilənmiş versiyası təqdim edilib. Eyni zamanda, bir sıra qlobal və yerli texnologiya şirkətləri ilə əməkdaşlıq və tərəfdaşlıq sazişləri imzalanıb.

Qətərin rabitə və informasiya texnologiyaları naziri Məhəmməd bin Əli əl-Mənai bildirib ki, bu sammit vasitəsilə dünya texnologiya liderləri ilə tərəfdaşlıqlar gücləndirilir, dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi sürətləndirilir və bu işlər “Rəqəmsal Gündəm 2030” və “Qətər Milli Vizionu 2030”-un hədəfləri ilə uyğunlaşdırılır.

Sammitdə müzakirələr dörd əsas istiqamət üzrə aparılacaq:

• “Əsas platforma” inkişaf etmiş süni intellekt, əlaqədar siyasət və qanunvericilik, növbəti nəsil ağıllı texnologiyalar infrastrukturunu müzakirə edir.

• “Süni intellektin tətbiqini sürətləndirmə” ağıllı tətbiqlərin yayılmasının sürətləndirilməsi, praktiki iş nümunələrinin təhlili, o cümlədən enerji sektorunun gələcəyini diqqət ayırır.

• “Qabaqcıl texniki sessiyalar” hissəsində tədqiqat və akademik texnologiyalar, gələcəyi formalaşdıran innovasiyalar barədə söhbət açılır.

• “Qlobal süni intellektin sərhədləri” süni intellekt imkanlarının genişləndirilməsi, məsuliyyətli süni intellekt mövzuları müzakirə olunur və Qətər Universiteti ilə əməkdaşlıqda səhiyyə texnologiyaları üzrə ixtisaslaşmış hakaton təşkili planlaşdırılır.

Sammitin ikinci günündə müxtəlif ölkələrdən gələn ekspertləri, innovatorları və sahibkarları bir araya gətirən geniş mövzulu ixtisaslaşmış sessiyalar və interaktiv seminarlar keçiriləcək. Burada süni intellektin gələcəyi və onun əsas sektorlar üzrə praktiki tətbiqləri müzakirə olunacaq. Eyni zamanda, iştirakçılar üçün ikitərəfli görüşlər, startaplarla investorların əlaqələndirilməsi üçün xüsusi platformalar və dövlət qurumları ilə qlobal tərəfdaşlar arasında təcrübə mübadiləsi imkanları yaradılacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
49
azertag.az

1Mənbələr