AZ

İnformasiya Texnologiyaları İnstitutunda virtual məkanda Azərbaycan dilinin dəstəklənməsi istiqamətində tədqiqatlar aparılır

Bakı, 9 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Müasir qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin saflığının qorunması və tətbiqi imkanlarının genişləndirilməsi prioritet tədqiqat istiqamətidir.

Hazırda informasiya-kommunikasiya texnologiyaları insanların həyat tərzinə çevrilməklə, bütün fəaliyyət sahələrinə nüfuz etməkdədir. Digər tərəfdən, müasir dövr qloballaşmanın yüksək tempi ilə xarakterizə olunur. Bu, dünyada geosiyasi və sosial-mədəni vəziyyətin kəskin dəyişilməsi, iqtisadi inkişafın yüksək tempi, eyni zamanda, istehsalın və texnologiyanın yüksəlişi ilə əlaqədardır. Qloballaşma prosesinin və mədəniyyətlərarası kommunikasiyanın sürətlənməsi təbii dillərdə də müəyyən dəyişikliklərə səbəb olur. Belə bir dövrdə dillərin qorunması, inkişafı və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi vacibdir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova məlumat verib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında bir sıra elm sahələri ilə yanaşı, Azərbaycan dilinin saflığının qorunması və istifadəsinin genişləndirilməsi istiqamətində alimlər qarşısında ciddi vəzifələr qoyub. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda virtual məkanda Azərbaycan dilinin dəstəklənməsi istiqamətində tədqiqatlar aparılır. Tədqiqatlar Milli Terminoloji İnformasiya Sisteminin sintezi, e-dövlət platformasında Azərbaycan dili ekosisteminin formalaşması problemləri, İntellektual Transliterasiya Sisteminin sintezi, rəqəmsal dövlət platformasında linqvistik suverenlik məsələləri və s. istiqamətləri əhatə edir.

“İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və qlobal rəqəmsallaşma prosesi dilin funksional rolunu və ictimai statusunu fundamental şəkildə dəyişdirib. Dil artıq təkcə ünsiyyət vasitəsi deyil, milli kimliyin, mədəni irsin və sosial birliyin strateji dayağı kimi çıxış edir. Bu dəyişikliklər kontekstində dillərin rəqəmsal platformalarda sərbəst, funksional və texnoloji cəhətdən tam təmin olunmuş şəkildə mövcudluğu — qlobal diskussiyaların əsas istiqamətlərindən birinə çevrilib. Dilin saflığının qorunması və inkişafı məsələləri müasir rəqəmsal transformasiyalar və süni intellekt texnologiyaları kontekstində təhlil edilir. Qloballaşma dövründə yüksək resursu olan dillərin rəqəmsal ekosistemdə dominant mövqeyi və az resurslu dillərin texnoloji asılılıq, məzmun çatışmazlığı və rəqəmsal assimilyasiya riskləri əsas müzakirə mövzusudur. Bu məsələlər hazırda institutun əsas tədqiqat prioritetləri istiqamətində araşdırılır”, - deyə Əfruz Qurbanova bildirib.

Seçilən
19
azertag.az

1Mənbələr