Yeni araşdırmalar göstərir ki, qaçış yalnız gənclər üçün deyil, yaşlılar üçün də hərəkətliliyi yaxşılaşdırır.
Redaktor.az xəbər verir ki, "NYU Langone Health" tədqiqatçıları orta yaşlı siçanlarda fiziki aktivliyin beyin üzərində təsirini öyrənib.
Məlum olub ki, müntəzəm qaçış dopamin ifrazını artırır, bu neyromediator hərəkət, motivasiya və yaddaş üçün vacibdir. 12 aylıq siçanlar, yəni insan yaşı ilə 50-dən yuxarılara uyğun olan qrup qaçış zamanı dopamin ifrazını gənc siçanlar qədər, bəzən daha çox artırıb.
30 günlük qaçış dövründən sonra siçanlar vertikal dirəkdən daha sürətli enib, açıq arenada daha aktiv hərəkət ediblər. Həqiqət budur ki, inkişaf yalnız koordinasiya ilə bağlı olub, əzələ gücü dəyişməyib.
Araşdırmanın rəhbəri professor Margarət Rays bildirib: “Nəticələr göstərir ki, məşqlərin beyin sağlamlığına təsiri yalnız gənc yaşlarla məhdudlaşmır. Yetərli fiziki aktivlik dopamin ifrazını artıraraq hərəkət sürətini və asanlığını yaxşılaşdırır.”
Tədqiqat həm dişi, həm də erkək siçanlarda eyni effekt göstərib. Dişilər iki dəfə daha çox qaçsa da, dopamin artımı eyni olub, bu isə “məhdud yük” prinsipini göstərir: kifayət qədər aktivlik əldə olunduqda, əlavə hərəkət dopamin təsirini artırmır.
Araşdırma Parkinson xəstəliyinin mexanizmlərinin anlaşılmasında da önəmlidir. Fiziki aktivliyin yaddaş, hərəkətliliyi və əhval-ruhiyyəni yaxşılaşdırmasının neyrokimyəvi səbəbləri indi aydınlaşıb. Tədqiqatçılar gələcəkdə eksperimentləri insanlarda təkrarlayaraq dopamin artımının xəstəliyi necə yavaşlatdığını öyrənməyi planlaşdırır.
Nuriyyə NATİQQIZI