Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün ən vacib məsələ uşağa düşünməyi, sual verməyi, səbəb-nəticə əlaqəsini qurmağı öyrətməkdir. Uşaq sadəcə deyiləni təkrarlayan yox, başa düşən, fərqli yanaşma tapan, çıxış yolu axtaran insan kimi formalaşmalıdır. Çünki sabah hansı peşələrin ön plana çıxacağını dəqiq bilmirik, amma düşünməyi bacaran insan hər sahədə özünü tapa bilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib. O bildirib ki, uşaq, eyni zamanda, öz fikrini sərbəst ifadə etməyi, dinləməyi, komandada işləməyi, fərqli düşünən insanlara hörmətlə yanaşmağı öyrənməlidir. Bu bacarıqlar gələcəkdə onu həm peşəkar, həm də sosial baxımdan güclü edir. Texnologiya nə qədər inkişaf etsə də, insan-insan ünsiyyətinin dəyəri azalmır, əksinə, daha da artır.
“Mən rəqəmsal savadlılığı da çox önəmli hesab edirəm, amma bunu telefon işlətmək səviyyəsində yox, məlumatı düzgün seçmək, yalan məlumatı ayırd etmək, internetdən məqsədli və təhlükəsiz istifadə etmək kimi başa düşürəm. Uşaq texnologiyanın arxasınca sürünməməli, onu məqsədinə uyğun yönləndirməyi bacarmalıdır. Çox vacib hesab etdiyim başqa bir məqam isə uyğunlaşmaq və öyrənməyi öyrənmək bacarığıdır. Gələcək elə sürətlə dəyişir ki, insan bir diplomla ömür boyu rahat yaşaya bilməyəcək. Kim yeniliyə daha tez uyğunlaşa bilirsə, kim daim öz üzərində işləyirsə, məhz o, irəli gedəcək.
Nəhayət, bütün bu bacarıqların mərkəzində insanlıq dayanmalıdır. Uşaqlara məsuliyyət, vicdan, başqasının haqqına hörmət kimi dəyərlər ötürülmədən texniki bacarıqların heç bir çəkisi olmayacaq. Mənim üçün ideal gələcək insanı həm ağıllı, həm bacarıqlı, həm də mərhəmətli olmalıdır.
Düşünürəm ki, biz gələcək üçün övladlarımıza peşə öyrətməkdən əvvəl insan olmağı, düşünməyi, uyğunlaşmağı və məsuliyyət daşımağı öyrətməliyik. Bundan sonra hansı peşəni seçsələr, artıq yolun yarısını qət etmiş olacaqlar”, - deyə G.Əkbərova qeyd edib.