Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda geofizika və geodinamika sahələrinin müasir tələblərə uyğun inkişafı üçün yeni nəslin fundamental elmi biliklərə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu sahədə qlobal tendensiyalar – 4D modelləşdirmə, süni intellekt tətbiqləri, yüksək dəqiqlikli peyk texnologiyaları və rəqəmsal geoloji modellər elmi araşdırmaları yeni mərhələyə yüksəldib. Azərbaycanda da bu çağırışlara uyğun olaraq Neft və Qaz İnstitutu tədqiqat strategiyasını yeniləyir, müasir analitik yanaşmaları və texnologiyaları elmi fəaliyyətə inteqrasiya edir.
Görkəmli alimlər – akademik İbrahim Quliyev, professor Vaqif Kərimov və geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov hövzə xüsusiyyətlərinə əsaslanan Azərbaycanın neft-qaz üzrə yeni elmi-nəzəri rayonlaşdırma bazasını formalaşdırmış və müasir xəritə tərtib etmişlər.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov məlumat verib. O bildirib ki, təqdim olunan rayonlaşdırma sxeminin əsas yeniliyi karbohidrogen sistemlərinin iyerarxik səviyyələrinin dəqiq müəyyənləşdirilməsidir və bu, ölkənin neft-qaz potensialının daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
“Bu gün neft və qaz yataqlarının işlənilməsi 3D geoloji modellər və zaman amilini nəzərə alan 4D hidrodinamiki modelləşdirmənin müasir üsulları ilə aparılır. AMEA-nın müxbir üzvü Qərib Cəlalov və professor Mahir Rəsulovun iştirakı ilə klassik riyazi fizika tənliklərinin yeni analitik və ədədi həll metodları işlənib-hazırlanıb və bu modelləşdirmədə uğurla tətbiq edilib. Bu yanaşma yataqların dinamik davranışını daha dəqiq qiymətləndirməyə və hasilatın optimallaşdırılmasına şərait yaradır. Neft-qaz yataqları Yer qabığının dərin strukturları ilə sıx bağlı olduğundan Moho sərhədinin həndəsəsi və fiziki xüsusiyyətləri karbohidrogenlərin paylanmasına ciddi təsir göstərir. Bu baxımdan Cənubi Xəzər hövzəsində Moho səthinin dəyişkənliyi ilə karbohidrogen hövzələrinin geodinamik təkamülü arasındakı əlaqə ilk dəfə olaraq peyk qravitasiya məlumatları əsasında mənim tərəfimdən araşdırılıb və əldə olunan nəticələr karbohidrogen resurslarının proqnozlaşdırılmasında mühüm əhəmiyyət kəsb edib. İnstitutda tətbiq olunan müasir elmi yanaşmalar sayəsində əldə edilən nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc edilib və bu mənbələrdən araşdırmaların detalları barədə daha geniş məlumat almaq mümkündür”, - deyə alim bildirib.