AZ

Gürcüstan bunu MƏCBURİ ETDİ – Azərbaycana təsiri olacaqmı? 

Gürcüstanda xarici vətəndaşlar, o cümlədən Azərbaycan turistləri üçün məcburi tibbi səyahət sığortasının tətbiqi səfər planlarına təsirsiz ötüşməyə bilməz. Yeni qaydaya əsasən, ölkəyə daxil olan hər bir turist səfər müddətini əhatə edən tibbi sığorta sertifikatına malik olmalıdır ki, bu da səfər xərclərinə əlavə yük gətirir və xüsusilə qısa müddətli fərdi səfərlərin sayında azalmaya səbəb ola bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan turizm üzrə ekspert Leyla Səlimova bildirib ki, məcburi tibbi sığorta xərclərinin tətbiqi xüsusilə qısa müddətli səfərlər üçün nəzərdə tutulmuş fərdi səfərlərdə turist axınını azalda bilər:

“Əgər turist səfər üçün 100–200 manatlıq büdcə planlayıbsa, əlavə sığorta xərci bu büdcəni artıra və nəticədə səfəri təxirə salmaq qərarı doğura bilər. Turpaketlərdə isə sığorta xərci tur operatorları tərəfindən əlavə ediləcək və paketlərin qiyməti avtomatik olaraq bahalaşacaq.

Bunun isə xüsusilə ailə tətillərində və aşağı büdcəli turist seqmentində təsiri daha aydın hiss olunacaq”.

Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli NOCOMMENT.az-a deyib ki, əlavə xərclər bazar qanunları çərçivəsində turizm istehlakına birbaşa təsir göstərir.

O vurğulayıb ki, turist səfərinin xərci artdıqca turizmə yönələn tələb azalır və Gürcüstan Azərbaycan üçün ən populyar turizm istiqamətlərindən biri olduğu üçün əlavə sığorta xərci hər bir turistin qərarına təsir edəcək:

“Turpaketlərin qiymətinin artması isə operatorların xərclərini əhatə etmək üçün qaçılmazdır və nəticədə xüsusilə aşağı və orta büdcəli turist axınında müəyyən azalma müşahidə olunacaq.

Gürcüstanda tətbiq olunan bu sistem gələcəkdə Azərbaycan üçün də bir nümunə ola bilər, çünki dünya təcrübəsində məcburi tibbi sığorta turizmin təhlükəsizliyini təmin etmək üçün geniş istifadə olunur”.

Seçilən
23
nocomment.az

1Mənbələr