Azərbaycan kommersiya peyk xidmətlərini genişləndirməli, elmi-tədqiqat və texniki hazırlıq sahəsinə sərmayə qoymalı, eyni zamanda, “New-Space” startap ekosistemini formalaşdırmalıdır
Bakı, 9 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan son illərdə kosmik sənayenin inkişafında regional liderliyini möhkəmləndirərkən beynəlxalq tərəfdaşlarla, o cümlədən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə əməkdaşlıq yeni məzmun qazanıb. Tərəflər arasında elmi tədqiqatlar, peyk məlumatlarının istifadəsi və innovativ texnologiyaların tətbiqi üzrə birgə layihələr Azərbaycanın kosmik potensialını daha da genişləndirir. Bu əməkdaşlıq həm iqlim monitorinqi, həm də rəqəmsal transformasiya sahəsində ölkəyə əlavə üstünlüklər təqdim edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müşaviri doktor Məhəmməd Şərif səsləndirib.
Məhəmməd Şərif Azərbaycanın son illərdə kosmik sənayedə regional liderə çevrilməsi, “Azərkosmos”un beynəlxalq əməkdaşlıq potensialı, peyk texnologiyalarının iqtisadi önəmi, COP29–COP30 kontekstində kosmik məlumatların rolu və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
-Azərbaycan son illərdə kosmik sənayenin inkişafında hansı regional və beynəlxalq rol oynamağa başlayıb və bu, Cənubi Qafqazda texnoloji əməkdaşlığa necə təsir edir?
-Azərbaycan kosmik xidmətlər üzrə yüksələn regional mərkəzə çevrilir. Rabitə və Yer müşahidəsi imkanları sayəsində qonşu ölkələrə xidmət göstərir, regionda məlumat mübadiləsini gücləndirir. İnfrastrukturun və peyk məlumatı xidmətlərinin genişlənməsi Cənubi Qafqazda texnoloji əməkdaşlığı möhkəmləndirir və Azərbaycanı regional–beynəlxalq kosmik aktorlar arasında körpüyə çevirir.
- “Azərkosmos”un beynəlxalq kosmik agentliklər və kommersiya qurumları ilə əməkdaşlıq üçün ən perspektivli istiqamətləri hansılardır?
- “Azərkosmos” peyk rabitəsi, Yer müşahidəsi məlumat xidmətləri, yerüstü stansiyaların idarə olunması və potensialın artırılması proqramlarında geniş əməkdaşlıq imkanlarına malikdir. Qlobal operatorlar, tədqiqat mərkəzləri və “New-Space” şirkətləri ilə tərəfdaşlıqlar həm xidmətlərin coğrafiyasını genişləndirə, həm də texnologiya transferini sürətləndirə bilər.
- Peyk rabitəsi, müşahidə və Yer monitorinqi texnologiyalarının Azərbaycan üçün iqtisadi və strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Peyk rabitəsi və Yer müşahidəsi sistemləri Azərbaycan üçün strateji aktivdir. Bu texnologiyalar iqtisadi şaxələndirməyə, rəqəmsal bağlantının genişlənməsinə, dəqiq kənd təsərrüfatına, ekoloji monitorinqə və milli təhlükəsizliyə xidmət edir. Eyni zamanda, qərarverməni yaxşılaşdırır, dayanıqlılığı artırır və yeni sənaye-kommersiya imkanlarının açılmasına səbəb olur.
- Azərbaycanın COP29-a ev sahibliyi kontekstində kosmik texnologiyaların iqlim monitorinqi və dayanıqlı inkişaf hədəflərinə töhfəsini necə qiymətləndirirsiniz?
- Kosmik texnologiyalar Azərbaycanın iqlim gündəliyini güclü şəkildə dəstəkləyə bilər. Emissiyaların monitorinqi, torpaq örtüyündə dəyişikliklərin təhlili ekoloji risklərin qiymətləndirilməsi üçün dəqiq məlumatlar təqdim edir. Yer müşahidəsi məlumatı iqlim hesabatlığını gücləndirir, erkən xəbərdarlıq sistemlərini inkişaf etdirir və COP29–COP30 dövründə Azərbaycanın iqlim diplomatiyasını daha təsirli edir.
- Azərbaycanın beynəlxalq kosmik ekosistemə daha dərin inteqrasiyası üçün hansı istiqamətlər prioritet olmalıdır: elmi tədqiqatlar, “New-Space” startapları, yoxsa texnologiya transferi?
- Məncə, ən effektiv yol balanslaşdırılmış yanaşmadır. Azərbaycan kommersiya peyk xidmətlərini genişləndirməli, elmi-tədqiqat və texniki hazırlıq sahəsinə sərmayə qoymalı, eyni zamanda, “New-Space” startap ekosistemini formalaşdırmalıdır. Bu üç istiqamətin birlikdə inkişafı ölkənin qlobal kosmik cəmiyyətə inteqrasiyasını gücləndirəcək və uzunmüddətli milli potensialını artıracaq.