Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxışında Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və müasir Azərbaycan dövlətinin memarı kimi gördüyü misilsiz işlərdən bəhs edib. Vurğulayıb ki, dahi Heydər Əliyevin tarixi xidmətləri sayəsində ölkədə sabitlik təmin edilib, xarici siyasətdə mühüm nailiyyətlər əldə olunub. Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyası, xüsusən 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafına geniş yol açıb. Ümummilli Liderin ən böyük arzusu işğal olunmuş torpaqların azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası idi. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir.
Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri xanım Afət Həsənova Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizədən danışıb. Bildirilib ki, milli dövlətçiliyin qorunması, dövlət idarəçilik sisteminin qurulması və möhkəmləndirilməsi, silahlı qüvvələrin formalaşdırılması, beynəlxalq əlaqələrin inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas yeri tutub. Azərbaycanda hüquqi dövlət qurulması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımların atılması Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının fundamental elementləri idi. Ümummilli Liderin ideyalarını, siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz indi regionda və beynəlxalq arenada söz sahibinə, xalqımız isə qalib xalqa çevrilmişdir.
Estoniya Parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman müstəsna Lider və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimində iştirakından qürur hissi keçirdiyini bildirib, Ulu Öndərin həyatının və irsinin Vətənə, xalqa bağlılığın əbədi nümunəsi olduğunu söyləyib. İkitərəfli münasibətlərə toxunan R.Solman Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı anlaşma, hörmət əsasında qurulduğunu bildirib. O, parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayaraq, son zamanlar baş tutmuş qarşılıqlı səfərləri bu münasibətlərin bariz nümunəsi kimi səciyyələndirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, yerli musiqiçilərin ifasında “Rast” muğam improvizasiyası, eləcə də dünya klassiklərinin lirik əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.