Tankerlerde daşınan 180 milyon barrel Rus nefti həddindən artıq yüklənmənin və ucuzlaşmanın əsas səbəbinə çevrilir…
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, hazırda dənizdə tankerlərdə saxlanılan Rusiya xam neftinin həcmi 180 milyon barrelə yaxınlaşıb ki, bu da avqust ayının sonu ilə müqayisədə 28 faiz çoxdur. Bu, son iki il yarım ərzində qeydə alınan ən yüksək göstəricidir.
Məlumata görə, Rusiya rekord sürətlə neft yükləsə də, yükün təyinat məntəqələrində boşaldılması ciddi problemə çevrilib. Son həftələrdə xam neft ixracının ardıcıl artmasına baxmayaraq, tankerlerin dənizdə ilişib qalması dünya bazarındakı qiymət dinamikasına təzyiq edir və Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmə imkanlarını zəiflədir.
Bloomberg yazır ki, neftin boşaldılma prosesində gecikmələrə iki əsas faktor təsir edir:
- Gediş marşrutlarının uzanması. Hindistandan Çin istiqamətinə yönləndirilən tankerler daha uzun məsafə qət edir və bu, dövriyyə sürətini aşağı salır.
- Alıcı ölkələrdə məhdud qəbul imkanları. Rus neftinin qiymət endirimləri fonunda yüksək tələbat olsa da, limanlardakı yükləmə-boşaltma gücü artan axını qarşılamaq üçün kifayət etmir.
Nəticədə dənizdə daşınan, lakin boşaldılmayan Rusiya nefti rekord səviyyədə toplanıb və bu tendensiya qlobal enerji bazarında qeyri-müəyyənliyi artırır. Analitiklər hesab edir ki, yükün yığılması həm logistika xərclərini artırır, həm də Moskvanın gəlirlərini azaldaraq Kreml üçün strateji çətinlik yaradır.
Poliqon.info